Cəmiyyət

Hamiləlikdə hansı əlamətlər təhlükəli ola bilər? - Mütəxəssisdən tövsiyələr

18 Feb 2026, 15:54 2 baxış
Hamiləlikdə hansı əlamətlər təhlükəli ola bilər? - Mütəxəssisdən tövsiyələr
"Əgər hamiləliyin ilk dönəmində, yəni 12-13 həftəyədək (3 aylıq) qadında ürəkbulanma, iştahasızlıq, bəzən qusma, baş fırlanması, ümumi zəiflik olarsa, bu normal sayılır və yüngül toksikoz kimi qiymətləndirilir. Amma bayılma (huşun itməsi), gün ərzində 5-8 dəfə və daha çox qusma olarsa və qadın adi suyu belə içə bilməzsə, o zaman bu hamiləlik toksikozunun ağır formasıdır". Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Axundova açıqlayıb.
Onun sözlərinə görə bu zaman hamilə qadın mütləq stasionar qaydada müalicə almalıdır. Çünki bu əlamətlər ağır maddələr mübadiləsi pozulmaları da ola bilər: "Əgər hamilə qadın çox çəki alarsa (ayda 3 kilodan artıq), şirniyyata meyillidirsə, çox yeyir, suyu çox içirsə, bu bəzi hallarda "hestasion diabet" (hamiləlik diabeti) kimi ağırlaşmaya gətirə bilər. Hamiləliyin 3-cü dönəmində arterial təzyiqin artması, baş ağrısı, halsızlıq, bədəndə şişkinlik, sidiyin miqdarının azalması, mədə nahiyəsində ağrı və yanma hissi, dəridə qaşınma və s. kimi şikayəti varsa, bu, hamiləliyin gec toksikozu - preeklampsiyanın əlamətləri kimi qiymətləndirilir. Belə olan halda stasionar və ya ambulator müalicə üçün təcili müraciət edilməlidir. Həmçinin, bu kimi hallar vaxtından əvvəl doğuşa səbəb ola bilər. Hamiləlik dönəmində ayaqlarda və əllərdə şişkinlik və keyimə də mümkündür. Belə hallar artdıqca qan laxtalanmasının səviyyəsi həkim tərəfindən yoxlanılmalıdır. Hər bir narahatlıqda həkim tövsiyəsi vacibdir, nəinki qohum-qonşunun məsləhəti". Mütəxəssis-ekspert qeyd edib ki, hamiləliyin hansısa müddəti olanda ümumi halsızlıq, üşütmə, iştahasızlıq, yuxululuq, dölün çox hərəkət etməsi varsa, bu anemiya (qan azlığı) əlamətləri ola bilər: "Belə hallarda qadının və dölün səhhətində patoloji hallar inkişaf edə bilər. Bundan əziyyət çəkən hamilələr vaxtından əvvəl doğuşa, azçəkili uşaq, ciftin ayrılması və qanaxma kimi fəsadlara məruz qala bilərlər. Ona görə də hamilə qadın hər ay qanın ümumu analizini verməli, bu problem aşkarlandıqda isə qanda dəmir və ferritin də miqdarı yoxlanılmalıdır. Əlavə olaraq hematoloqun tövsiyələri vacib ola bilər". N.Axundova sonda bildirib ki, başqa bir patoloji hal - qalxanvari vəzlə bağlıdır: "Biz TSH hormonu hamiləliyin birinci mərhələsində yoxlamağı tövsiyə edirik. Əgər qadında patoloji bir durum yoxdursa, endokrinoloq tərəfindən korreksiyaya da ehtiyac olmur. Lakin bəzi hallarda qadınlar bu patoloji haldan xəbərsiz olur və autoimmun tireoidit (Xaşimoto xəstəliyi), hipotireoz (tireoid hormon çatmazlığı) və hipertireoz (tireoid hormonunun artması) kimi hallarda endokrinoloq tərəfindən korreksiya olunmalıdır".
Hamiləlikdə hansı əlamətlər təhlükəli ola bilər? - Mütəxəssisdən tövsiyələr
Mənbə oxu.az

Oxşar Xəbərlər