Cəmiyyət
35 il öncə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə imzaladığı sənəd üzə çıxdı – İlginc fakt açıqlandı
"Ola bilər ki, bu, geniş ictimaiyyətə çox tanış deyil, amma 14 avqust 1991-ci ildə - sovet ittifaqının mövcudluğunun son dövrlərində Daşkənddə Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın rəhbərlərinin görüşü keçirildi. Görüşdə altı ölkə iştirak edirdi". Oxu.Az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Sanat Kuşkumbayev "C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, həmin vaxt Respublikalararası Məsləhət Şurası da təsis olunmuşdu: "Qurumun işində beş Mərkəzi Asiya ölkəsi və Azərbaycan iştirak edirdilər. Sənədin altında altı imza var və məndə sənədin surəti mövcuddur. Orada Azərbaycan ayrıca olaraq məntiqli iştirakçı kimi göstərilir. Burada əsas məqsəd kimi iqtisadi əlaqələrin bərpası, ümumi əməkdaşlıq məntiqinin qurulması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması göstərilir. Lakin bu, sovet ittifaqı çərçivəsində baş vermişdi". Qazaxıstanlı nümayəndə qeyd edib ki, sənədi bütün ölkələrin baş nazirləri imzalamışdı: "Həmin sənədi Azərbaycanın o vaxtkı baş naziri Həsən Həsənov imzalamışdı. Yəni bu əməkdaşlıq artıq təxminən 35 ildir mövcuddur". Məlik Məlikov
Mənbə
oxu.az