Leyendən AB ölkələrinə çağırış: Öhdəliyinizi yerinə yetirin!
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 62-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Avropa Birliyinə (AB) üzv ölkələri qarşılıqlı müdafiə öhdəliyini ciddi qəbul etməyə çağırıb.
Axar.az xəbər verir ki, o, AB müqaviləsində yer alan qarşılıqlı yardım maddəsinin (42-ci maddənin 7-ci bəndi) seçim yox, hüquqi öhdəlik olduğunu bildirib.
Leyen vurğulayıb ki, “hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi yalnız etimad və real hərbi imkanlar olduğu halda məna kəsb edir.
O, AB-nin təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaltmaq üçün bu maddənin faktiki şəkildə işlək vəziyyətə gətirilməsinin vacibliyini qeyd edib.
AK prezidenti yeni Avropa təhlükəsizlik strategiyasının hazırlanmasını da təklif edib:
“Avropa təkcə hərbi gücü deyil, həm də ticarət, maliyyə, texnologiya, məlumatlar, kritik infrastruktur və informasiya kimi alətləri birgə istifadə etməlidir”.