Cəmiyyət
Nazir müavini: "İnformasiya sistemlərinin genişlənməsi kibertəhdidlərin artmasına səbəb olur"
"Rəqəmsallaşma ilə paralel olaraq informasiya sistemlərinin genişlənməsi kibertəhdidlərin artmasına, məlumatların məxfiliyinin və bütövlüyünün pozulması risklərinə səbəb olur". Oxu.Az xəbər verir ki, bu fikirləri fevralın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Kibertəhlükəsizlik Mərkəzinin VI məzun günü tədbirində çıxışı zamanı deyib. O, qeyd edib ki, hazırda ölkə səviyyəsində dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir: "Bu tədbirlər normativ-hüquqi bazanın təkmilləşdirilməsini, institusional potensialın gücləndirilməsini və insan kapitalının inkişafını əhatə edir. Prezidentin 2023-cü il 28 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası" bu sahədə fəaliyyətin strateji planlaşdırılmasını və mərhələli şəkildə icrasını nəzərdə tutur. Strategiya çərçivəsində, həmçinin kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin hazırlanması və cəmiyyətin yüksək ixtisaslı kadrlarla təmin edilməsi istiqamətində mühüm işlər davam etdirilir. Bununla yanaşı, Prezidentin 16 yanvar 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal İnkişaf Konsepsiyası" dövlətin, biznes subyektlərinin və vətəndaşların məlumatlarının qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını, eləcə də İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını əsas hədəflər kimi müəyyən edir". Nazir müavini bildirib ki, yüksək ixtisaslı insan kapitalının yetişdirilməsi üzrə fəaliyyət qlobal beynəlxalq İT şirkətlərinin ölkəmizə cəlb edilməsi ilə birgə, vəhdət halında icra edilir: "Məqsəd yalnız həmin şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi deyil, eyni zamanda yerli insan kapitalının inkişafına real və davamlı töhfə verməkdir. Bu şirkətlərin ölkəmizə gəlməsi ilkin bilik və bacarıqlara malik mütəxəssislərimizin işlə təmin olunmasına, onların real iş mühitində təcrübə qazanaraq daha güclü peşəkar bilik və bacarıqlara yiyələnməsinə geniş imkanlar yaradır. Eyni zamanda bu əməkdaşlıqlar vasitəsilə mütəxəssislərimizin xarici ölkələrdə həmin şirkətlərin həyata keçirdiyi beynəlxalq layihələrə cəlb olunması təmin edilir ki, bu da bilik və təcrübə mübadiləsi ilə yanaşı, ölkəmizə valyuta axınlarının dəstəklənməsi baxımından mühüm əhəmiyyətə malikdir". S.Məmmədov qeyd edib ki, bu istiqamətdə həyata keçirilən layihələr arasında xüsusilə "Andersen Lab" və "EPAM Systems" şirkətləri ilə əməkdaşlıq qeyd olunmalıdır: "Andersen Lab" şirkətinin Azərbaycanda rəsmi mərkəzi artıq fəaliyyət göstərir və ölkəmizdə peşəkar kadrların hazırlanmasına öz töhfəsini verir. Texnopark rezidenti statusu ilə fəaliyyət göstərən bu mərkəz Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində yaradılıb. "Andersen Lab" ilə həyata keçirilən proqram çərçivəsində 210 nəfər təlimə cəlb olunub, hazırda isə 125 nəfər təlim prosesindədir. Xüsusilə vurğulamaq istərdim ki, bu proqram çərçivəsində seçilmiş iştirakçılar yalnız təlimlə kifayətlənmir, eyni zamanda "Andersen Lab" şirkətində işlə təmin olunur, onlarla əmək müqavilələri bağlanır və real iş mühitində peşəkar inkişaf edirlər. Proqramı uğurla tamamlayan mütəxəssislər "Andersen Lab" şirkətində fəaliyyətlərini davam etdirəcək və şirkətin reallaşdırdığı qlobal layihələrin birbaşa iştirakçıları olacaqlar". Məhərrəm Əliyev
Mənbə
oxu.az