Cəmiyyət
İsrail səfiri: "Azərbaycanın Kibertəhlükəsizlik Mərkəzi xüsusi bir missiya daşıyır"
"Azərbaycanın Kibertəhlükəsizlik Mərkəzi xüsusi bir missiya daşıyır. Bu qurum təkcə bir təlim müəssisəsi deyil, həm də gələcəyə baxışın, insan kapitalına investisiyanın və biliyin gücünə inamın simvoludur". Oxu.Az xəbər verir ki, bu fikirləri fevralın 9-da İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Kibertəhlükəsizlik Mərkəzinin VI məzun gününə həsr olunmuş tədbirdəki çıxışında deyib. O qeyd edib ki, Azərbaycan və İsrail arasında həyata keçirilən birgə təşəbbüs kibertəhlükəsizliyin artıq yalnız texniki sahə olmadığını, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və texnoloji inkişaf üçün strateji dayağa çevrildiyini göstərən ortaq anlayışdır: "Kibertəhlükəsizlik Mərkəzinin nailiyyətləri öz sözünü deyir. Yüzlərlə mütəxəssisin hazırlanaraq dövlət və özəl sektorun əsas mövqelərində fəaliyyətə başlaması olduqca mühüm uğurdur. Bu, Azərbaycanın təkcə infrastruktur deyil, eyni zamanda ən yüksək səviyyədə insan kapitalı formalaşdırdığını nümayiş etdirir. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin regional və beynəlxalq səviyyədə nümunəvi bir model kimi inkişafını davam etdirəcəyinə ümid edirəm". Məhərrəm Əliyev
Mənbə
oxu.az