Cəmiyyət

Masazırda yol bataqlığa çevrilib - Kanalizasiya sistemi yoxdur, "Qır gölü" daşır

30 Jan 2026, 17:18 2 baxış
Masazırda yol bataqlığa çevrilib - Kanalizasiya sistemi yoxdur, "Qır gölü" daşır
Abşeron rayonunun Masazır kəndindəki acınacaqlı vəziyyət ciddi narahatlıq yaradıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Sakinlər qeyd edib ki, uzun müddətdir "Qır gölü" deyilən ərazidə toplanan sular insanların həyatını çətinləşdirib. Xüsusən yağıntılı havalarda bu ərazidə yollar keçilməz olur, həyətləri su basır. "Taksi çağırırıq gələ bilmir. Piyadalar burada necə gəzsin? Uşaqları, yaşlıları, hər gün işə gedib-gəlməli olan insanları niyə nəzərə alan yoxdur? Bu qədər ailənin yaşadığı ərazidə belə vəziyyət sağlamlığımız üçün də təhlükəlidir", - deyə şikayətçilərdən biri qeyd edib. Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumatda qeyd olunub ki, Masazır kəndində "Qır gölü"nün ətrafında fərdi yaşayış evləri uzun illər bundan əvvəl tikilib: "Məsələ daimi olaraq yerli icra nümayəndəliyinin və kənd bələdiyyəsinin nəzarətində saxlanılıb. Sonuncu dəfə 12 yanvar 2025-cı il tarixində əraziyə baxış keçirilən zaman şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən "Qır gölü"ndə qurutma və tikinti işlərinin həyata keçirilməsi halı müşahidə olunub. Qeyri-qanuni fəaliyyətin qarşısı tərəfimizdən dərhal alınıb və qanunvericilin tələblərinə uyğun olaraq 04 nömrəli, 12.01.2025-ci il tarixli məktubla aidiyyəti qurumlara müraciətlər edilib. Hazırda "Qır gölü"nün su səviyyəsinin artması son zamanlar havaların yağıntılı keçməsi və qrunt sularının qalxması ilə əlaqədardır. Məlumat üçün bildiririk ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. Ətrafda yaşayan sakinlər çirkab sularını kustar üsullarla çəkilmiş borular vasitəsi ilə ya gölə axıdır, ya da "şambo" sistemindən istifadə edərək toplayırlar. Bu da son nəticədə qrunt sularının qalxmasına və ərazidə subasma hallarının yaşanmasına gətirib çıxarır. Ərazidə mərkəzləşdirilmiş su-kanalizasiya sistemlərinin çəkilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciətlər edilib". Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, kanalizasiya təchizatı mövcud olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sifarişi ilə şəbəkələrin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb: "Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində, həmçinin sözügedən ünvanda da su və tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Həmçinin, hazırda Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri icra olunur". Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər