Cəmiyyət
Əcnəbilərə təxirəsalınmaz onkoloji yardım dövlət hesabına göstəriləcək
Əcnəbilərə təxirəsalınmaz onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Onkoloji yardım haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir. Bundan başqa, dövlət onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, dövlət onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə, dövlət tibb müəssisələrində müalicə-diaqnostika təchizatına və yüksək effektli dərman vasitələrinə, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatlara olan tələbatın tam təmin edilməsinə təminat verəcək. Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Məlik Məlikov
Mənbə
oxu.az