Cəmiyyət
Vüqar İskəndərov: "Bir çox ölkələrdə qadağan edilmiş oyunların Azərbaycanda əlçatan olması narahatlıq doğurur"
"Son illərdə yeniyetmə və gənclər arasında sürətlə yayılan, müasir texnologiyaların gətirdiyi yeni risklər mövcuddur". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov üzvü olduğu Gənclər və idman komitəsinin bugünkü iclasında deyib. O bildirib ki, belə risklərdən biri də təhlükəli kompüter oyunlarıdır: "Uşaqlar və gənclər hazırda daha çox virtual mühitdə formalaşırlar, saatlarla kompüter, mobil cihazlar qarşısında vaxt keçirirlər. Dünyada məşhur olan, lakin bir çox ölkələrdə qadağan edilmiş oyunlar var ki, Azərbaycanda hələ də açıq şəkildə əlçatandır. Bu onlayn oyunların bəzilərində yaş məhdudiyyəti yoxdur və azyaşlılar böyüklərlə birbaşa əlaqəyə girə bilirlər. Bundan əlavə, mərhələlərin pulla açılması, oyun daxilində manipulyativ mexanizmlər və təhlükəli davranış modelləri mövcuddur. Bəzi ölkələrdə bu oyunlar cinsi istismar və psixoloji zorakılıq halları ilə əlaqələndirilərək qadağan edilib. Araşdırmalar göstərir ki, regionlarda və Bakı şəhərində gənclər arasında aqressiya, zorakılıq və digər neqativ halların artması da təsadüfi deyil. Hesab edirəm ki, zərərli vərdişlər anlayışı təkcə narkomaniya və digər klassik problemlərlə məhdudlaşmamalı, texnologiyanın yaratdığı yeni risklər də bu çərçivədə nəzərə alınmalıdır. Bu təhlükələr sakit şəkildə, lakin çox sürətlə hər birimizin evinə və cibinə daxil ola bilir. Əsas risk qrupunu isə uşaq, yeniyetmə, gənclər təşkil edir". Məlik Məlikov
Mənbə
oxu.az