Cəmiyyət
Ötən il neçə vətəndaşa "Əmək veteranı" adı və vəsiqəsi verilib?
2025-ci ildə 245 vətəndaş "Əmək veteranı" adı və vəsiqəsi ilə təmin edilib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, "Əmək veteranı" adı və vəsiqəsi ilə təmin edilən şəxslərin 191 nəfəri kişi, 54 nəfəri isə qadındır. Xatırladaq ki, "Əmək veteranı" adı və vəsiqəsinin verilməsi qaydası və şərtləri "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə tənzimlənir. Bu ad və müvafiq vəsiqə əsasnamədə göstərilən şəxslərə iş yeri tərəfindən, pensiyaya çıxmış vətəndaşlara isə onların son işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən təqdim olunur. "Əmək veteranı" adı almaq istəyən şəxs müvafiq ərizə və təsdiqedici sənədlərlə iş yerinə müraciət edir. Əsasnamədə nəzərdə tutulmayan hallarda, məsələn müəssisə ləğv edilmiş olduqda və ya iş yeri qeyri-dövlət müəssisəsi olduqda "Əmək veteranı" adı və vəsiqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilir. Pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlar (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) "Əmək veteranı" adı almaq üçün müraciət edə bilər. Aygün Mirakif
Mənbə
oxu.az
Oxşar Xəbərlər