İqtisadiyyat
2026-cı ildə Neft Fondunun investisiya gəlirləri 2.4 milyard dollara yaxın proqnozlaşdırılır
2026-cı ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarəolunmasından əldə edilən gəlirlər 2 milyard 397.6 milyon ABŞ dolları və ya 4 milyard 75.8 milyon manat olacağı proqnozlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi rəydə qeyd olunub. Sənədə əsasən, bu da manat ifadəsi ilə 2024-cü ilin müvafiq icra göstəricisindən (5 mlrd. 795.3 mln. manat) 1 mlrd. 719.4 mln. manat və ya 29.7% az, 2025-ci ilin proqnozundan (3 mlrd. 462.2 mln. manat) isə 613.6 mln. manat və ya 17.7% çoxdur. 2026-cı il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarəedilməsi ilə bağlı gəlirliliyi 3.7% proqnozlaşdırılıb ki, bu da 2025-ci il proqnozu ilə müqayisədə 0.2% çoxdur. Vurğulanıb ki, 2025-ci ilin doqquz ayı üzrə Dövlət Neft Fondu vəsaitlərinin idarəedilməsindən 3 mlrd. 79.8 mln. ABŞ dolları və ya 5 mlrd. 235.7 mln. manat gəlir əldə edib. Fondun 2025-ci il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən, investisiya portfelinin aşağı uzaqlaşma intervalı maksimum 10% olmaqla 40%-i borc öhdəlikləri və pul bazarları alətlərindən, 25%-ə qədəri səhmlərdən (pay), 10%-ə qədəri yuxarı uzaqlaşma intervalı maksimum 3% olmaqla daşınmaz əmlakdan və 25%-ə qədəri isə yuxarı uzaqlaşma intervalı maksimum 4% olmaqla qızıl altportfelindən ibarət olub. Sənəddə qeyd olunub ki, fondun aktivlərinin struktur dinamikasının təhlili göstərir ki, üç altportfel üzrə paylanma ARDNF-nin 2025-ci il üçün təsdiq edilmiş investisiya siyasətində müəyyən edilmiş hədəf diapazonlarına əsasən, ümumilikdə uyğunluq nümayiş etdirilib. Bununla belə, qızıl altportfeli üzrə il ərzində həyata keçirilmiş əlavə alışlar və beynəlxalq bazarlarda qızılın qiymətinin artması nəticəsində bu altportfelin ümumi portfeldə xüsusi çəkisi artaraq hədəf diapazonunu üstələyib. Məlik Məlikov
Mənbə
oxu.az