İqtisadiyyat
Neft Fondunun portfelində uzunmüddətli istiqrazların payının artması likvidlik riski yaradır
Hesabat tarixinə Dövlət Neft Fondunun (ARDNF) borc öhdəlikləri və pul bazarı alt portfelinin müddətlər üzrə bölgüsündə likvid və qısamüddətli aktivlərin payının azalması, eyni zamanda, uzunmüddətli istiqrazların payının artması müşahidə edilib. Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-nin 2026-cı il büdcəsinə verdiyi rəydə qeyd olunub. Qeyd olunub ki, bu da fondun qısamüddətli öhdəlikləri yerinə yetirmə qabiliyyətinə təsir göstərərək likvidlik riski kimi qiymətləndirilməkdədir. Bildirilib ki, borc öhdəlikləri və pul bazarı altportfelinin müddətlər üzrə bölgü bençmarklarda olan bölgülərə uyğun olub. Bildirilib ki, təqdim edilmiş məlumatlara əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında bu bölgülərdə baş vermiş dəyişikliklərin əsas səbəbi strateji məqsədilə saxlanılan likvid aktivlər və ABŞ dollarında olan borc öhdəlikləri və pul bazarları alt portfellərinin həcminin azalması olub. Fondun borc öhdəlikləri və pul bazarı alt portfelinin müddətlər üzrə bölgüsündə əsas diqqətçəkən məqam 2025-ci ildə alt portfelin ümumi həcminin azalması fonunda likvid və qısamüddətli aktivlərin payının daha da aşağı düşməsi, həmçinin 3-5 il və 5 ildən artıq olan istiqrazların portfeldə ümumi payının 57.8% təşkil etməsidir. Bu vəziyyət fondun qısamüddətli öhdəlikləri yerinə yetirmə və dövlət büdcəsi transfertlərinin operativ icrasını təmin etmə imkanına təsir göstərə biləcək likvidlik riski kimi qiymətləndirilməkdədir. Aqil Vəlili
Mənbə
oxu.az