İqtisadiyyat
2026-cı ildə AÇG üzrə bonus gəlirləri kəskin azalacaq
"Azəri-Çıraq-Günəşli" yataqları üzrə Hasilatın Pay Bölgüsü Sazişinə (AÇG HPBS) əsasən, bonus ödənişinin başa çatması səbəbindən 2026-cı il üçün bu istiqamətdə daxilolmalar əvvəlki illə müqayisədə nəzərəçarpacaq dərəcədə az proqnozlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə dair Rəyində qeyd olunub. Sənədə əsasən, bu gəlir maddəsi üzrə daxilolma cari ilə nisbətən böyük azalma ilə proqnozlaşdırılıb. Azalmaya səbəb kimi "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in (AÇG HPBS) 29.2-ci maddəsinə əsasən 2018-2025-cı illər ərzində ümumilikdə 3.6 milyard ABŞ dollarının ödənilməsinin başa çatması olub. Belə ki, 2026-cı ildə "Şahdəniz" yatağı üzrə bonus ödənişlərinin 0.6 milyon ABŞ dolları olması nəzərdə tutulub. 2025-ci ilin 9 ayında bu maddə üzrə ödənişlər 450.2 milyon ABŞ dolları və ya 765.3 milyon manat təşkil edib ki, bununla da büdcədə nəzərdə tutulan proqnoz göstəricisi 99.7% yerinə yetirilib. Məlik Məlikov
Mənbə
oxu.az