İqtisadiyyat
Bağlanmış bankların əmlakları satışa çıxarıldı - Hərracda 2,5 milyon manata obyekt də var
Ləğv olunan dörd bankın balansında qalan daşınmaz və daşınar əmlaklar açıq hərrac yolu ilə sabah satışa çıxarılacaq. Oxu.Az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, Bakı Hərrac Mərkəzində keçiriləcək hərracda satışa çıxarılan əmlaklar arasında həm paytaxtda, həm də regionlarda yerləşən qeyri-yaşayış obyektləri, fərdi yaşayış evi və minik avtomobili yer alır. Belə ki, ləğv prosesində olan "Atabank" ASC-yə məxsus Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən, 0.07 hektar torpaq sahəsində inşa olunmuş, ikigirişli, 309.88 kvadratmetr ümumi sahəsi olan iki mərtəbəli qeyri-yaşayış binası açıq hərraca çıxarılıb. Sözügedən obyektin ilkin satış qiyməti 450 min manat müəyyən edilib. Hərraca çıxarılan digər iri əmlak isə "Qafqaz İnkişaf Bankı" ASC-yə məxsusdur. Bakı şəhərinin Binəqədi rayonunda, Əcəmi Naxçıvani küçəsində yerləşən, 1 182.9 kvadratmetr ümumi sahəyə malik qeyri-yaşayış sahəsi 2.5 milyon manat başlanğıc qiymətlə satışa təqdim olunacaq. Eyni zamanda, "NBC Bank" ASC-nin balansında olan daşınmaz əmlak da hərrac siyahısına daxil edilib. Bu əmlak Şamaxı rayonunun Məlhəm kəndində, 0.12 hektar torpaq sahəsində yerləşən, 464.2 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evidir. Obyektin ilkin satış qiyməti 200 min manat təşkil edir. Hərrac çərçivəsində daşınar əmlak da satışa çıxarılacaq. Belə ki, "Günaybank" ASC-yə məxsus 2019-cu il buraxılışlı "Chery Tiggo 2" markalı minik avtomobili 13 min manat başlanğıc qiymətlə alıcılara təklif olunacaq. Elmidar Əliyev
Mənbə
oxu.az