İqtisadiyyat
Bakının ölkə üzrə pərakəndə ticarət dövriyyəsində payı 60 faizə çatıb
Bu ilin yanvar-noyabr aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 34 milyard 605.5 milyon manat olub. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, paytaxtda ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri illik müqayisədə 0.4 faiz artaraq 19 milyard 253.8 milyon manat təşkil edib. Qeyri-ərzaq mallarının satışı isə 9.5 faiz artaraq 15 milyard 351.7 milyon manata çatıb. Real ifadədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 6.4 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2.7 faiz artıb. Bakıda istehlak məhsullarının 36.6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52.2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11.2 faizi isə əmtəə bazarlarında satılıb. 2025-ci ilin yanvar-noyabr aylarında ümumilikdə ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 58 milyard 571.3 milyon manatlıq məhsul satılıb. Bunun 31 milyard 937.1 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 26 milyard 634.2 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Elmidar Əliyev
Mənbə
oxu.az