İqtisadiyyat
Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaş və lider şirkətlər açıqlandı
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoruna aid mal ixracı əsasən Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukrayna istiqamətlərinə yönəlib. Oxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu dövrdə Rusiya Federasiyasına 1 milyard 100 milyon ABŞ dolları, Türkiyəyə 546.1 milyon ABŞ dolları, İsveçrəyə 315.3 milyon ABŞ dolları, Gürcüstana 306.1 milyon ABŞ dolları, Ukraynaya isə 190.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. 2025-ci ilin noyabr ayında ixrac əməliyyatlarında dəyişikliyə baxmayaraq, əsas istiqamətlər dəyişməyib. Belə ki, noyabr ayında Rusiya Federasiyasına 109.7 milyon ABŞ dolları, Türkiyəyə 59.8 milyon ABŞ dolları, Gürcüstana 32.6 milyon ABŞ dolları, İsveçrəyə 26.9 milyon ABŞ dolları, Ukraynaya isə 18.8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları göndərilib. Yanvar-noyabr ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Export Stream" MMC, "STP Alüminium" MMC, "TABATERRA" QSC, "UYTROP" MMC, "KHAN-EL" MMC və "P-AQRO" MMC yer alıb. Dövlətə məxsus şirkətlər arasında isə qeyri-neft ixracında liderlik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə məxsusdur. Bu siyahıda həmçinin "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Socar-Dalğıc" MMC, "İstisu" mineral su zavodu MMC, "Azərbaycan Dəmir yolları" QSC və Naxçıvan MR Dövlət Energetika Xidməti də yer alıb. Elmidar Əliyev
Mənbə
oxu.az