İqtisadiyyat
Qarabağ və Şərqi Zəngəzurda sakinlər üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olacaq
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olacaq. Oxu.Az xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib. Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilir. Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlət dəstəyinin davamı olaraq, "Azərişıq" ASC-nin təklifləri əsasında Tarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilir. Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazalı sxem üzrə qoşulması ödənişsiz olacaq. İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin və istehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazalı sxem üzrə qoşulmasına 65% güzəşt tətbiq ediləcək. Həmçinin istehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazalı sxem üzrə qoşulması ödənişsiz olacaq. Bu sahədə tətbiq olunan güzəşt və azadolmalar abonentlər üçün elektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatan və sərfəli edəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinə əlavə stimul verəcək. Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçün layihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərinin yaradılmasını dəstəkləyir. Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
Mənbə
oxu.az