İqtisadiyyat
Azərbaycandan Bolqarıstana ixrac 22 faiz artıb - Ən çox nə satılıb?
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 780 milyon dolları ötüb. Oxu.Az rəsmi statistikaya əsasən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Bolqarıstana ixrac 22 faiz artaraq 756.68 milyon dollar təşkil edib. Bolqarıstandan Azərbaycana idxal isə 21.4 faiz azalaraq 23.34 milyon dollar səviyyəsində olub. Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 1.75 faiz təşkil edib. Rəsmi məlumatlara əsasən, ixracın əsas hissəsini enerji məhsulları formalaşdırıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Bolqarıstana ixrac olunan əsas məhsul təbii qaz olub və bu məhsul üzrə ixracın dəyəri təxminən 576,8 milyon dollar təşkil edib. Ümumilikdə ixracın böyük payı məhz enerji resurslarının hesabına təmin olunub. Eyni dövrdə Bolqarıstandan Azərbaycana əsasən ərzaq və istehlak məhsulları gətirilib. İdxal olunan məhsullar sırasında şokolad və digər qənnadı məmulatları, pivə və alkoqolsuz içkilər, konservləşdirilmiş qida məhsulları, dərman vasitələri, kosmetika və məişət kimyası malları yer alıb. Bununla yanaşı, plastik və kimya sənayesi məhsulları, geyim, ayaqqabı, qablaşdırma materialları və müxtəlif sənaye təyinatlı mallar da idxal olunub. Elmidar Əliyev
Mənbə
oxu.az