Siyasət
Ödənişsiz psixoloji yardım almaq hüququ olan şəxslərin əhatə dairəsi genişləndirilir
"Minatəmizləmə fəaliyyəti haqqında" 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik edilib. Oxu.Az xəbər verir ki, Azərbaycanda ödənişsiz psixoloji yardım almaq hüququ olan şəxslərin əhatə dairəsi genişləndirilir. Layihəyə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq, zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar. Həmçinin heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə ediləcək. Belə ki, digər normativ hüquqi aktların tələblərinə əməl etmək şərti ilə minatəmizləmə fəaliyyətində heyvanlardan partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun olaraq istifadə edilməsi həyata keçirilə biləcək. Digər dəyişikliyə əsasən, minatəmizləmə fəaliyyəti nəticəsində zərərçəkmiş şəxslər dövlət xəstəxanalarında ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına təmin ediləcəklər. "Minatəmizləmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına ("Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar. Həmçinin Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, minatəmizləmə fəaliyyəti, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə proses dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Qeyd olunan halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul olunacaq. Həmçinin, layihəyə əsasən, tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir, minatəmizləmə fəaliyyəti və təsərrüfat işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq. Bu zaman həmin ərazi müvafiq orqan tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin olunacaq. Mərahim Nəsib
Mənbə
oxu.az
Oxşar Xəbərlər