Cəmiyyət
Bəhruz Əzimov: "Təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib"
"Bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib". Oxu.Az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində deyib. O bildirib ki, vəsaitlərin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan artıq hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb. Sədr vurğulayıb ki, fondun fəaliyyəti çərçivəsində ölkə miqyasında maarifləndirmə və təbliğat işləri sistemli şəkildə aparılıb: "Son 4 il ərzində ölkənin müxtəlif regionlarında ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində görüşlər təşkil olunub, 90 minə yaxın tələbə, abituriyent, şagird, valideyn və pedaqoji heyət maarifləndirici infosessiyalara cəlb edilib". O əlavə edib ki, əmək bazarına çevik çıxışı dəstəkləmək məqsədilə Fondun 4 illik fəaliyyəti dövründə kreditdən faydalanan 3000-dən çox tələbə və məzun təlim-təcrübə proqramlarına yönəldilib, 400-ə yaxın məzunun işlə təmin olunmasında vasitəçilik edilib: "Bu məqsədlə 9 təhsil müəssisəsi, 7 dövlət qurumu, 19 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb". Aygün Mirakif
Mənbə
oxu.az