Cəmiyyət
Devrişovlar ailəsi üçün dəhşətli gün: "Bu faciədən sağ çıxmaq möcüzədir"
"Gözümü açanda oğlumu çağırdım, gördüm sağdır. Elə bil dünyanı mənə verdilər". Bunu Baku TV-yə açıqlamasında ötən ilin bu günü AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Tofik Devrişov deyib: "Qəfil güclü titrəyiş oldu və təyyarə buludların arasına girdi. Hökumə xanım sərt eniş olacağını dedi, özümüzü möhkəm tutmağı və başımızı ön oturacağa sıxmağı tapşırdı... Hadisədən sonra sol qolum və ayağım işləmədi. İndi ayağım yaxşıdır, amma qolum 50 faiz işləyir, yuxarı qalxmır". Onun qəza zamanı xəsarət alan oğlu Samir Devrişov isə bildirib ki, bu faciədən sağ çıxmaları möcüzədir: "Komanda verildi və sonra təyyarə yerə çırpıldı. Bir anlıq huşumu itirdim. Təyyarədən çıxanda Zaqataladan olan bir qız kömək istədi, ayağından zədə almışdı. Onu da çıxartdım. Köməyə gələn insanlar atamla məni xəstəxanaya apardılar". Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Mənbə
oxu.az