İqtisadiyyat
Cənubi Koreyada milli valyuta ucuzlaşır: Hökumət kursu sabitləşdirmək üçün qəti öhdəliklər götürəcək
Cənubu Koreyada milli valyutanın dollar qarşısında zəifləməsi yerli hökumətin ciddi narahatlığına səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi vonun ABŞ dollarına qarşı həddindən artıq ucuzlaşmasını "arzuolunmaz hal" adlandırıb. Bildirilib ki, tezliklə hökumət milli valyutanı sabitləşdirmək üçün qəti öhdəliklər götürəcək. Məlumata görə, son 30 gündə milli valyuta bir qədər də zəifləyərək, 1 464 von/dollar təşkil edib. Daha əvvəl "Bank of America" vəziyyəti təhlil etdikdən sonra ilin sonuna qədər vonun 2012-ci ildən bəri dollar qarşısında ən zəif səviyyəsinə düşəcəyini proqnozlaşdırmışdı. Sentyabr ayında vonun dəyərdən düşməsinin başlaması Cənubi Koreya investorları arasında ABŞ səhmlərinə tələbatın artması ilə üst-üstə düşüb.
Mənbə
oxu.az