İqtisadiyyat
Əli Əsədov: "Azərbaycanla Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlib"
"Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib". Oxu.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib. Onun sözlərinə görə, qarşılıqlı təcrübə mübadiləsi, insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye potensialımızın gücləndirilməsinə xidmət edir: "Bu çərçivədə istehsal sahələrində, xüsusilə metal emalı, maşınqayırma və digər baza sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi həyata keçirilir". Müdafiə sənayesini də qeyd edən hökumət başçısı bildirib ki, Azərbaycanda bu sahə son zamanlar yüksək templə inkişaf edir: "Türkiyə ilə bu baxımdan səmərəli əməkdaşlıq qurulub. Yüksək texnologiyalar, elektron ticarət, süni intellekt və innovasiya ekosistemləri üzrə əməkdaşlıq da regional və çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilir. Bu istiqamətlərdə imzalanmış sənədlər və həyata keçirilən təşəbbüslər rəqəmsal iqtisadiyyatın genişlənməsinə, yeni biznes modellərinin formalaşmasına və insan kapitalının inkişafına xidmət edir". Mərahim Nəsib
Mənbə
oxu.az