İqtisadiyyat

Bakı Metropoliteninin gəlirlərində ŞÜBHƏLİ MƏQAMLAR: Audit rəqəmləri niyə təsdiqlənmədi?

22 Dec 2025, 14:40 1 baxış
Bakı Metropoliteninin gəlirlərində ŞÜBHƏLİ MƏQAMLAR: Audit rəqəmləri niyə təsdiqlənmədi?
"Bakı Metropoliteni" QSC-də aparılmış audit yoxlamaları zamanı əmlak və avadanlıqların qiymətləndirilməsi, eləcə də sərnişindaşıma gəlirlərinin uçotu ilə bağlı bir sıra qeyri-müəyyənliklər müəyyən edilib. Oxu.Az QSC-nin maliyyə sənədlərinə istinadən xəbər verir ki, dəyərsizləşmə yoxlaması çərçivəsində bəzi əsas vəsaitlərin ədalətli dəyəri keçmiş dövrlərin satınalma qiymətlərinə əsasən hesablanıb, lakin bu aktivlərə dair sənədlər saxlanılmayıb. Belə ki, 2018-ci ilədək alınmış və dəyərsizləşmədən əvvəl ümumi balans dəyəri 75 milyon 85 min manat olan əsas vəsaitlərin 31 dekabr 2024-cü il tarixinə silinmə xərcləri çıxılmaqla hesablanmış ədalətli dəyəri 28 milyon 597 min manat təşkil edib. Eyni zamanda, bəzi əmlak və avadanlıq obyektləri üzrə ədalətli dəyərin müəyyən edilməsi mümkün olmayıb və həmin aktivlərin dəyəri 9 milyon 328 min manat xalis qalıq dəyəri səviyyəsində qəbul edilib. Auditorlar alternativ prosedurlar vasitəsilə bu aktivlərin qiymətləndirilməsinə dair yetərli və uyğun sübut əldə edə bilmədiklərini bildiriblər. Audit zamanı "Bakı Metropoliteni"nin sərnişindaşıma üzrə gəlirlərinin tamlığı da qiymətləndirilib. Gəlirlərin uçotu üçün istifadə olunan sistemin ümumi İT nəzarət mexanizmləri yoxlanılsa da, sistemin effektivliyi ilə bağlı kifayət qədər audit sübutu toplanmayıb. Bu səbəbdən, 31 dekabr 2024-cü il tarixinə başa çatan il üzrə 100 milyon 647 min manat məbləğində sərnişindaşıma gəlirinin tamlığı təsdiq edilməyib. Qeyd edək ki, audit "Deloitte" beynəlxalq audit şəbəkəsinə daxil olan qurum tərəfindən aparılıb. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər