Siyasət

Sabir Rüstəmxanlı: "Reklamlar Azərbaycan dilini "süpürüb" atır"

08 Dec 2025, 13:34 1 baxış
Sabir Rüstəmxanlı: "Reklamlar Azərbaycan dilini "süpürüb" atır"
"Müzakirələrimiz bir çox müəssisələrdə aparılmalıdır, xüsusən rəhbərləri öz ana dilində danışa bilməyən yerlərdə". Oxu.Az xəbər verir ki, bu fikirləri Xalq şairi Sabir Rüstəmxanlı parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib. O bildirib ki, 1937-ci ildə SSRİ-nin rəhbəri İosif Stalin tərəfindən dilimizə hörmətsizlik olub: "Bir qədər öncə Əli Hüseynli 1992-ci ildə Azərbaycan dilinə təcavüz olunduğunu qeyd etdi. Dilimizə təcavüz 1937-ci ildə Stalin tərəfindən edilib. Biz Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmişdik. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti ana dilini Azərbaycan dili kimi qəbul etmişdi. Biz də 1992-ci ildə müzakirə etdik, dilimizi cümhuriyyətə uyğun qəbul etdik. Buna görə də 1990-cı illərdə görülən işlərə kölgə salmaq olmaz". Həmçinin o bildirib ki, qanunlarımızın dili sadə olmalıdır: "Bir vaxtlar rus çarlarından biri deyirdi ki, qanunları elə yazın ki, sadə adamlar başa düşməsinlər və məmurun qapısını döysünlər. Bizim qanunların bəziləri də elədir. "Təhsil haqqında" Qanun müzakirə olunanda demişdim ki, dil sadə olmalıdır. Məsələn, "informal təhsil", "distant təhsil" anlayışları var. Həmçinin "kampus" kimi sözlərdən istifadə edirik. "Tələbə şəhərciyi" və "tələbə yurdu" deyilə bilər. Bir sıra ölkələrin bəzi qanunlarını tərcümə edib, uyğunlaşdırmışıq. "Süni intellekt" deyirik, düşüb dilimizə. Bu, süni və ya "yapay" zəkadır. Reklamlar Azərbaycan dilini "süpürüb" atır. Müstəqil dövlət dilinə belə etinasız münasibət olmaz". Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər