İqtisadiyyat

İpəkdən toxunan şəhərə sehrli səyahət: Azərbaycanın ən "zərif" mədəniyyət ocağından REPORTAJ

06 Dec 2025, 21:24 1 baxış
İpəkdən toxunan şəhərə sehrli səyahət: Azərbaycanın ən "zərif" mədəniyyət ocağından REPORTAJ
Buraya "İpəkdən toxunan şəhər" deyirlər. Onun toxunuşunda tarix də var, sənətkarlıq da, təbiətin harmoniyası da. Hər addımda həm keçmişin hikmətini, həm də bu günün canlı enerjisini hiss edirsən. Dekabrın 2-3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Şəkiyə səfəri də məhz bu ruhu yaşatmaq, Şəkinin daxili turizm imkanlarını göstərmək, bölgədə turistlər üçün yaradılan şəraiti və həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək məqsədilə təşkil olunmuşdu. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Təbiətin qoynunda aqroturizm Səfərin ilk dayanacağı Şəkinin Öyrət kəndində yerləşən "BioGarden" eko‑aqro turizm təsərrüfatı oldu. Səkkiz hektarlıq sahəni əhatə edən bağda bizi üç mindən çox meyvə ağacı, geniş arıçılıq təsərrüfatı, balıq gölməçələri və çiçəkli istixanalar qarşılayır. 2010‑cu ildən fəaliyyət göstərən təsərrüfatın əsas məqsədi şimal-qərb bölgəsində aqrobio müxtəlifliyi qorumaq, təbii kənd məhsullarını tanıtmaq və turistlərə kənd həyatını yaşatmaqdır. Burada yetişən meyvələr və bağ məhsulları həm dad, həm də aroması ilə digərlərindən fərqlənir.
Təsərrüfatın rəhbəri Etibar Nuriyev deyir ki, Azərbaycan vətəndaşları beş manat, xarici turistlər isə 10 manat ödəməklə səkkiz hektar ərazini təxminən üç saat ərzində gəzə bilərlər: "Təsərrüfat təkcə meyvə bağları ilə deyil, həmçinin quşlar, ev heyvanları və balıqları ilə də məşhurdur. Buradakı bütün məhsullar ekoloji təmiz metodlarla yetişdirilir. Turistlər meyvələri ağacdan yığıb ala bilirlər. Burada yetişən meyvə növləri digər yerlərdə tapılmır".
"İşçilərin böyük əksəriyyəti qadınlardır" "BioGarden"də təbiətin şəfqətini hiss etdikdən sonra Şəkinin qədim təsərrüfat sahələrindən olan ipəkçiliklə bağlı məlumat almaq üçün "Azəripək" ASC-yə yollanırıq. Burada baramadan xam ipəyin açılması, toxuculuq, boyaq-bəzək, burucu və xalça sexləri fəaliyyət göstərir. Müəssisənin sədri Anar Dadaşov deyir ki, müəssisədə hazırda 325 nəfər çalışır. Baramaaçma sexindəki işçilərin böyük əksəriyyəti isə qadınlardır: "Müəssisədə yüksək keyfiyyətli 100% təbii xam ipək, müxtəlif ipək məhsullar, həmçinin kəlağayı, şərf, çitmə və sair istehsal olunur. İstehsal edilən məhsullar xarici ölkələrə ixrac olunur". Baramaaçma sexində 40 ildir işləyən Ceyran Eynullayeva baramanın açılmasını belə izah edir: "Əvvəl kozaları təmizləyirik, sonra isti suda yumşaldırıq ki, ipək lifləri açılıb hamar olsun. Hər baramanın ipəyə çevrilməsi diqqət və ustalıq tələb edir. Lifləri bir-birinə birləşdirəndə bilirsən ki, bu ipək həm kəlağayı, atlas, həm də xalça üçün hazırdır. Keyfiyyət həm baramanın növündən, həm də açma prosesində göstərdiyimiz diqqətdən asılıdır".
"Nəsildən-nəslə ötürülən mədəniyyət simvolu" Şəkinin ipəkçilik ənənəsi yalnız xam ipək və parçalardan ibarət deyil. Burada hazırlanmış kəlağayılar həm mədəniyyətin, həm də sənətkarlığın nümunəsidir. Kəlağayı ipəkdən hazırlanır, üzərində min illik Şəki naxışları canlanır və hər bir detal ustaların əllərində xüsusi diqqətlə işlənir. Kəlağayı istehsalı ilə məşğul olan sahibkar Sevinc Bayramova deyir ki, Şəki kəlağayıları həm yerli, həm də xarici bazarda böyük maraq doğurur: "Müəssisəmizin kiçik muzeyində 150-300 illik qədim kəlağayılar sərgilənir. Saralmış, lakin öz nəfəsini itirməmiş kəlağayılar Azərbaycan qadınının zərifliyini, Şəki ustalarının incəliyini bu günə daşıyır. Burada hər kəlağayı sadəcə bir aksesuar deyil, nəsildən-nəslə ötürülən bir mədəniyyət simvoludur".
Sənətkarların şəhəri Şəki Şəki yalnız ipək və kəlağayı ilə deyil, həm də sənətkarları ilə tanınır. Səfər çərçivəsində dulusçuluq emalatxanasına baş çəkdik. Emalatxanaya daxil olan kimi torpağın qoxusu, saxsıların parlaqlığı insanı əsrlər öncəyə aparır. Usta Əhəd Məmmədov torpağı barmaqları ilə yoğurub yeni məmulat yaratdıqca sanki yüz illik ənənəni canlandırır, jurnalistlərə məhsulların çeşidi, istifadə qaydaları və hazırlanma texnikasını nümayiş etdirir.
Şəki halvası: şəhərin dadlı imzası Şəkiyə gələn hər kəs bilir ki, "Əliəhməd" şirniyyat evindən keçmədən şəhərin dadını tam yaşamaq mümkün deyil. Halvaçı Xosrov Qafarov qat-qat incə ipək kimi halvanın çəkilməsini, şəkər şərbətinin hazırlanmasını və hər bir qatın xüsusi diqqət tələb edən mərhələlərini nümayiş etdirir. Usta deyir ki, halva yalnız dadı ilə deyil, yaradılma hekayəsi ilə də unudulmazdır.
"Yuxarı Baş" Qoruğu-Şəki Xan Sarayı Səfərin son dayanacağı "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu və Şəki Xan Sarayı oldu. Sarayın şəbəkə sənəti, divar rəsmlərinin poetikliyi və tikilinin ümumi simvolizmi Şəkinin həm ölkə, həm də dünya mədəni irsindəki xüsusi yerini nümayiş etdirir. Qoruqda 83 tarixi-memarlıq abidəsi var. Onların ən önəmlisi Şəki Xan Sarayıdır. Bundan başqa, dövlət səviyyəsində qorunan 11 abidə - mədrəsələr, karvansaralar və tacir evləri diqqəti çəkir. Qalan 71 abidə isə yerli əhəmiyyətli tacir mülkləri, yaşayış evləri və digər tarixi tikililərdən ibarətdir.
Şəki ipək kimi incə, dağlar kimi möhkəm, halvası kimi şirin, ustalarının əlləri kimi zərifdir. Burada hər küçə bir tarixi danışır, hər sənətkar bir məktəbdir, hər yemək bir dastandır.

Mənbə oxu.az

Oxşar Xəbərlər