İdman
Məhəmmədəli Osmanlı: "Pavel Andruskaya ilk məğlubiyyətini yaşadacağam"
"Döyüşə hazırlığım yaxşı keçir. Özümü yaxşı hiss edirəm". Oxu.Az xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, axırıncı döyüşdən sonra Azərbaycana gəlmək istəyib: "Əfsuslar olsun ki, sonuncu döyüşümdə diskvalifikasiya oldum, buna görə də növbəti döyüşə çıxmaq təklif olundu və qəbul etdim. Mən o döyüşü özüm üçün qələbə kimi qəbul edirəm. Əslində o finala qədər gəlib çıxmaq da hər döyüşçüyə qismət olmur. Növbəti döyüşdə əsas diqqət edəcəyim məqam dizimdən daha ehtiyatlı davranmaqdır. Çox ağır hazırlıqdan keçdim və bu döyüşə əvvəlkilərdən daha çox hazırlıqlıyam. Bu mənim karyeramdakı ən yaxşı vəziyyətimdir". "Rəqibim də güclüdür. Səbrli və ağıllı döyüşən rəqibdir. Lakin mənim psixologiyam bir az fərqlidir. Mənim kimi döyüşçüyə qarşı ayaqüstə döyüşmək çox çətindir. Ona görə də böyük ehtimal mənimlə güləşməyə çalışacaq. Mənim güləşim də, zərbələrim də güclü olduğu üçün mən qalib gələcəyimə inanıram. Sevinirəm ki, rəqibimin indiyə kimi məğlubiyyəti yoxdur. Çünki ona ilk məğlubiyyəti mən yaşadacağam", - deyə idmançı qeyd edib. Təmsilçimiz Nurməhəmmədov qardaşları və Merab Dvalişvili arasındakı problemə də toxunub: "Mənim fikrimcə bu hərəkət doğru deyildi. Lakin onlar öz aralarında danışıb məsələni həll ediblər". Qeyd edək ki, 22 yaşlı idmançı dekabrın 5-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək "UFC Saudi Arabia" turnirində qüvvəsini sınayacaq. "Ineffable" ləqəbli döyüşçü 61 kiloqram çəki dərəcəsində "ANB Arena"da moldovalı Pavel Andruska ilə qarşılaşacaq. Xatırladaq ki, Məhəmmədəli Osmanlının peşəkar MMA rekordu 12 qələbə və iki məğlubiyyətdən ibarətdir. O, UFC-də keçirdiyi yeganə döyüşdə uduzub. Pavel Andruska isə 9 qələbə ilə məğlubiyyətsizdir və UFC-də bir qələbə qazanıb.
Mənbə
oxu.az