Cəmiyyət

Eyni müayinə, fərqli qiymət: Özəl klinikalarda vahid tarif tətbiq edilə bilər?

23 Nov 2026, 17:00 4 baxış
Eyni müayinə, fərqli qiymət: Özəl klinikalarda vahid tarif tətbiq edilə bilər?
Özəl klinikalarda eyni tibbi xidmətlər təkcə keyfiyyətinə görə yox, qiymətinə görə də bir-birindən fərqlənir. Belə ki, bir klinikada 50 manata təklif olunan müayinə digər klinikada 60 manata, bəzən isə daha baha həyata keçirilir. Bu isə özəl tibb müəssisələrində qiymət siyasətinin necə formalaşdığı və dövlətin bu sahədə tənzimləyici mexanizmlər tətbiq etməsinin zəruriliyi məsələsini gündəmə gətirir. Özəl klinikalarda tibbi xidmətlərin qiymətləri necə tənzimlənməlidir? Müəyyən xidmətlər üzrə vahid tarif və ya qiymətlərin yuxarı həddinin müəyyənləşdirilməsi mümkündür? Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavab verən deputat, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov qeyd edib ki, özəl tibb müəssisələrində eyni tibbi xidmətin fərqli qiymətlərlə təqdim olunması özlüyündə qanun pozuntusu və ya qiymətlərin əsassız artırılması demək deyil:
"Bu, bazar iqtisadiyyatının, rəqabət mühitinin təbii xüsusiyyətlərindən biridir və əksər ölkələrdə də eyni şəkildədir. Tibbi xidmətlərin qiymətinin formalaşmasına müəssisənin texniki təchizatı, istifadə olunan tibbi avadanlıqlar, həkim və tibb personalının peşəkarlığı, əməkhaqqı, sərf materialları, xidmətin təşkili və digər əməliyyat xərcləri təsir göstərir. Bununla yanaşı, yüksək qiymət heç də hər zaman yüksək keyfiyyət demək deyil. Tibbi xidmətin keyfiyyəti qiymətdən asılı olmayaraq, müəyyən edilmiş standartlara cavab verməlidir. Azərbaycanın mövcud qanunvericiliyində özəl tibb müəssisələrinin müqavilə əsasında göstərdikləri xidmətlərin tariflərinin tərəflərin razılığı ilə müəyyənləşdirilməsi prinsipi mövcuddur. İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər üçün isə ayrıca tarif mexanizmləri tətbiq edilir. Hesab edirəm ki, bu məsələyə yalnız qiymətlərin inzibati qaydada məhdudlaşdırılması kimi yanaşmaq doğru olmaz. Çünki özəl səhiyyəyə investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiqi və yüksək ixtisaslı mütəxəssislərin fəaliyyətinin təmin olunması üçün sağlam iqtisadi mühit də qorunmalıdır. Lakin bu, dövlətin qiymət siyasətinə ümumiyyətlə müdaxilə edə bilməyəcəyi anlamına gəlmir. Xüsusilə əhali üçün sosial əhəmiyyət daşıyan, geniş istifadə olunan bəzi diaqnostik və tibbi xidmətlər üzrə qiymətlərin formalaşması mexanizmlərinin təhlili, müqayisəli tarif göstəricilərinin hazırlanması və zəruri halda yuxarı qiymət hədlərinin tətbiqi imkanları müzakirə oluna bilər. Mühüm məsələ odur ki, istənilən tənzimləmə obyektiv iqtisadi hesablamalara, xidmətin maya dəyərinə, keyfiyyət standartlarına və rəqabət mühitinə əsaslanmalıdır. Ayrı-ayrı klinikalara fərqli yanaşma deyil, eyni fəaliyyət şəraitində olan müəssisələr üçün bərabər və şəffaf qaydalar əsas götürülməlidir". Deputatın sözlərinə görə, qanunvericilikdə də bu istiqamətdə müəyyən dəyişikliklər mümkündür: "Bunun üçün əvvəlcə tibbi xidmətlərin real maya dəyəri, mövcud qiymət fərqləri və onların səbəbləri araşdırılmalı, dövlət qurumları, özəl səhiyyə sektoru və mütəxəssislərin iştirakı ilə müvafiq mexanizmlər qiymətləndirilməlidir. Əsas məqsəd bütün özəl klinikalarda qiymətləri eyniləşdirmək deyil, vətəndaşın keyfiyyətli, təhlükəsiz, əlçatan və şəffaf qiymətlərlə təqdim olunan tibbi xidmət almaq hüququ ilə özəl səhiyyənin davamlı inkişafı arasında düzgün tarazlığı təmin etmək olmalıdır". Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla də bildirib ki, qiymət özəl sektorda fərdi məsələdir:
"Bu sahə adətən bazar iqtisadiyyatının qanunları və rəqabət prinsipləri əsasında tənzimlənməlidir. Əslində, belə də tənzimlənir. Ayrı-ayrı müayinələrin qiymətləri bir-birinə çox yaxındır. Sadəcə, özəl klinikaların statusları da fərqlidir. Məsələn, elə klinikalar var ki, orada daha müasir avadanlıqlar, geniş xidmət şəbəkəsi, müxtəlif ixtisaslar üzrə mütəxəssislər və peşəkar həkimlər fəaliyyət göstərirlər. Elə özəl klinikalar da var ki, onların imkanları xeyli məhduddur. Təbii ki, bu amillər qiymətlərdə müəyyən fərqlərin yaranmasına səbəb olur. Ayrı-ayrı xəstəxanaların reytinq əmsalları da müxtəlifdir. Bu sahəni başqa cür tənzimləmək mümkün deyil". Ekspert hesab edir ki, özəl klinikalarda konsultasiya və digər xidmətlər üçün qiymətlər müəyyənləşdirilərkən insanların maddi imkanları da nəzərə alınmalıdır: "Amma nəzərə alaq ki, özəl klinikalar həm də vergi ödəyiciləridir. Vergilər, əməkhaqları, kommunal xidmətlər və digər bütün xərclər klinikaların öz vəsaitləri hesabına ödənilir. Bunlar da nəzərə alınmalıdır. Çünki əks halda klinikalar müflis olar. Hətta hazırda bəzi özəl klinikalar müflisləşmə həddindədir. Əslində, icbari tibbi sığorta çərçivəsində də pasiyentlər özəl klinikalara yönləndirilməlidirlər ki, vətəndaşlar həmin müəssisələrin imkanlarından kifayət qədər yararlana bilsinlər. Bu, qiymətlərə də təsir edə biləcək amildir. Özəl klinikaların Tibbi Sığortanın Xidmətlər Zərfinə daha geniş şəkildə cəlb edilməsi bu problemin həlli istiqamətində atıla biləcək addımlardan biri olardı".
Eyni müayinə, fərqli qiymət: Özəl klinikalarda vahid tarif tətbiq edilə bilər? Eyni müayinə, fərqli qiymət: Özəl klinikalarda vahid tarif tətbiq edilə bilər? Eyni müayinə, fərqli qiymət: Özəl klinikalarda vahid tarif tətbiq edilə bilər? Eyni müayinə, fərqli qiymət: Özəl klinikalarda vahid tarif tətbiq edilə bilər?
Mənbə oxu.az

Oxşar Xəbərlər