Dünya

Kosmosda tarixi hadisə

19 Nov 2026, 05:00 6 baxış
Kosmosda tarixi hadisə
"Voyager-1" kosmik aparatı Yerdən bir işıq gününə bərabər məsafəyə qədər uzaqlaşıb. Zond bu həddi noyabrın 18-də Bakı vaxtı ilə saat 14:16:07-də keçib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman "X" sosial şəbəkəsində məlumat verib. Bu nailiyyət bütün meyarlara görə "möhtəşəm mərhələ" kimi qiymətləndirilib. 1977-ci ildə kosmosa buraxılan aparat artıq 49 il 2 ay 11 gündür ki, səyahət edir. Hazırda o, ulduzlararası fəzada saatda təxminən 61 min kilometr, yaxud saniyədə 17 kilometr sürətlə hərəkət edir. "Voyager-1" ilkin olaraq Yupiteri, Saturnu və onların peyklərini araşdırmaq məqsədilə kosmosa göndərilib. Həmin dövrdə nəhəng planetlər nadir düzülüşdə yerləşirdilər. Bu isə onların yaxınlığından qravitasiya manevrləri vasitəsilə keçməyə imkan verirdi. Planetlərin belə düzülüşü təxminən 175 ildən bir baş verir. Əsas missiyasını başa vurduqdan sonra zond Günəş sisteminin xarici sərhədlərinə doğru hərəkətini davam etdirib və 2012-ci ildə ulduzlararası fəzaya daxil olan ilk kosmik aparat olub. Hazırda "Voyager-1" Yerdən bir işıq günü, yəni təxminən 25,9 milyard kilometr məsafədə yerləşir. İşıq və ya radio siqnalı bu məsafəni 24 saata qət edir. Məsafənin bu qədər böyük olması səbəbindən Yerdən göndərilən radio siqnalının "Voyager-1"ə çatması bir sutka çəkir. Cavab siqnalının Yerə qayıtması üçün də eyni müddət tələb olunur. Beləliklə, aparatla ikitərəfli rabitə təxminən 48 saat vaxt aparır. Buna baxmayaraq, zond hələ də fəaliyyətini davam etdirir və alimlərə elmi məlumatlar ötürür. "Voyager-1" fəaliyyəti ərzində bir sıra mühüm kəşflərə imza atıb. Aparat Yupiterin peyki İoda aktiv vulkanların ilk görüntülərini əldə edib, Yupiterin halqalarını aşkar edib və Saturnun peyki Titanın sıx atmosferini araşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər