Dünya

Pavel Durovun dostunun və arvadının qətli ilə bağlı yeni detallar

12 Nov 2026, 14:08 4 baxış
Pavel Durovun dostunun və arvadının qətli ilə bağlı yeni detallar
"Telegram" mesencerinin yaradıcısı Pavel Durovun Dubayda qətlə yetirilən dostu, kriptobiznesmen Roman Novak və onun həyat yoldaşı Anna Novak öncə kriptopulqabılarına giriş əldə etmək məqsədilə döyülüblər. Hücum edənlər kişini elektroşokerlə hərəkətsiz hala gətirərək zorakılığı davam etdiriblər. Oxu.Az-ın REN TV-yə istinadən məlumatına görə, bu barədə Sankt-Peterburq prokurorluğu məlumat yayıb. İstintaqa əsasən, 2025-ci il oktyabrın 2-də 47 yaşlı Yuri Şarıpov, Konstantin Şaxt və Vladimir Dalekinlə birlikdə maddi maraq müqabilində xaricdəki villada cütlüyə hücum olunub. Cinayətkarlar kriptopulqabılarına giriş əldə etdikdən sonra Roman və Annanı vəhşicəsinə döyərək öldürüblər. Ər-arvadın cəsədləri avtomobillə səhraya aparılıb, çuxura atılaraq üzəri qumla örtülüb. Bununla yanaşı, hücum edənlər mərhumlara məxsus 20 milyon rubldan çox dəyərində olan əmlakı da ələ keçiriblər. Kriptobiznesmen Roman Novakın və onun yoldaşının qətlinə görə təqsirləndirilən şəxslərdən biri 10 milyon rubldan artıq pul alıb. 2025-ci ilin noyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları Şarıpovun Sankt-Peterburqdakı mənzilində axtarış apararkən 0.49 qram kokain aşkarlayıblar. Prokurorluğun məlumatına görə, o, narkotik maddəni şəxsi istifadəsi üçün saxlayıb. Şarıpov sifarişlə iki nəfəri öldürməkdə, quldurluqda və qanunsuz narkotik saxlamaqda ittiham olunur. Prokurorluq ittiham aktını təsdiqləyərək işi Sankt-Peterburq şəhər məhkəməsinə göndərib. Rusiya Federasiyası İstintaq Komitəsinin Mətbuat Xidməti ailə cütlüyünün qətlində təqsirləndirilən şəxslərdən birinin Sankt-Peterburqda məhkəmə qarşısına çıxacağını bildirir. Müttəhim günahını etiraf edib. Cinayətin digər icraçısı barəsində aparılan istintaq yekunlaşmaq üzrədir, üçüncü icraçı isə uzunmüddətli xəstəlikdən sonra vəfat edib və onun barəsində cinayət təqibinə xitam verilib. Təşkilatçılarla bağlı cinayət işi isə ayrıca icraata götürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər