Cəmiyyət

Ağalıdan dünyaya açılan pəncərə: Zəngilanlı influenserin Böyük Qayıdış hekayəsi - Foto/Video

10 Nov 2026, 19:12 2 baxış
Ağalıdan dünyaya açılan pəncərə: Zəngilanlı influenserin Böyük Qayıdış hekayəsi - Foto/Video
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərə həyat qayıdır. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların yurd həsrətinə son qoymaq və həmin əraziləri yenidən məskunlaşdırmaq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu məqsədlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur. Vaxtilə həyatın dayandığı kənd və şəhərlərdə indi evlərin işıqları yanır, küçələrdən insan səsləri gəlir. Böyük Qayıdış proqramı çərçivəsində on minlərlə keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq yeni həyata başlayıb. Bu qayıdışların hər birinin arxasında illərlə davam edən yurd həsrəti və özünəməxsus həyat hekayəsi dayanır. Oxu.Az-a danışan keçmiş məcburi köçkün Çiçək Gəraylı bildirib ki, işğal illəri ailəsi üçün çətin keçib. O, 2023-cü ilin əvvəlindən Zəngilan rayonunun Ağalı kəndində yaşadığını deyib:
"Zəngilan rayonundan olan keçmiş məcburi köçkünəm. 2023-cü ilin əvvəlindən doğma yurdumuzda - Zəngilan rayonunun Ağalı kəndində yaşayıram. Böyük Qayıdışın iştirakçısı olmaq mənim üçün böyük qürur və xoşbəxtlikdir. Məcburi köçkün həyatı yaşamaq bizim üçün heç də asan olmadı. Biz də bir çox uşaq kimi uşaqlığımızı qayğısız və xoşbəxt keçirmək istərdik. Ancaq bir gün doğma yurdumuzdan, evimizdən, torpağımızdan ayrı düşdük. Nənə-babamızdan, yaxınlarımızdan uzaqda yaşamağa məcbur olduq. Bəzilərimizin doğmaları həmin torpaqlarda şəhid oldu. Ömrümüzün ən gözəl illərini yurd həsrəti ilə keçirdik. Valideynlərimiz yeni yerlərdə hər şeyə sıfırdan başlamalı oldular. Evimiz, sabit həyatımız yox idi. Anamızla atamız ailəmizi dolandırmaq, bizə gələcək qurmaq üçün gecə-gündüz çalışırdılar. Biz onların yorğunluğunu, çəkdikləri çətinlikləri görə-görə böyüdük. Yaşayış yerimiz tez-tez dəyişirdi. Məktəbimizi də dəyişməli olur, hər dəfə yeni mühitə uyğunlaşmağa çalışırdıq. Hər köç bir ayrılıq, hər yeni başlanğıc başqa bir çətinlik idi. Bəlkə də uşaqlığımızın bir çox gözəl anlarını yaşaya bilmədik. Uşaqlığımız çətinliklərlə, həsrətlə, qayıdacağımız günü gözləməklə keçdi. Məcburi köçkün olmaq evini itirməkdən daha ağırdır. Bu, doğmalarından ayrı düşmək, uşaqlığını yarımçıq yaşamaq, hər şeyə yenidən başlamaq və bir gün öz torpağına qayıdacağın ümidi ilə illərlə yaşamaq deməkdir. Bu gün doğma Zəngilanımızda, Ağalı kəndində yaşamaq illərlə çəkdiyimiz həsrətdən və apardığımız mübarizədən sonra bizə nəsib olub. Bu günün qədrini çox yaxşı bilirik, çünki bu günə asan gəlib çatmamışıq".

Ç.Gəraylı hazırda influenser kimi fəaliyyət göstərdiyini və sosial şəbəkələrdə Ağalıdakı gündəlik həyatı işıqlandırdığını bildirib: "Müxtəlif tədbirlərdə iştirak edir, reklam çəkilişlərinə dəvət alıram. Doğma yurdumu - Zəngilan rayonunun Ağalı kəndini təmsil edirəm. Sosial şəbəkələrdə kəndimizin gözəlliyini, gündəlik fəaliyyətimi və övladlarımla keçirdiyim anları izləyicilərimlə bölüşürəm. Bu fəaliyyət mənə doğma torpağımı tanıtmaq, Qarabağda yenidən qurulan həyatı insanlara göstərmək imkanı verir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın iştirakçısı olmaq mənim üçün sözlə ifadə edə bilməyəcəyim qədər böyük qürurdur. Mən Ağalı kəndinə köçən ilk sakinlərdən biriyəm. İlk köçün məhz Ağalıya olması, bu torpaqlarda həyatın yenidən canlandığını öz gözlərimlə görmək mənim üçün tamam başqa bir hissdir. Doğma torpağımızda ilk çəkilişlərimi edəndən sonra kəndimizin gözəlliyini, burada qurulan yeni həyatı lentə alıb insanlara göstərmək mənim üçün xüsusi bir məqsədə çevrildi. Bir vaxtlar həsrətini çəkdiyimiz, qayıtmağı arzuladığımız torpaqlarda bu gün yaşamaq, övladlarımı burada böyütmək, gündəlik həyatımızı insanlarla bölüşmək, tədbirlərdə iştirak etmək və fəaliyyətimlə doğma yurdumuzu tanıtmaq mənə böyük xoşbəxtlik verir. Bu tarixi prosesin iştirakçısı olduğum üçün qürur duyuram. Bir vaxtlar məcburi köçkün həyatı yaşamışam, bu gün isə doğma torpağımda yeni həyat qururam. İllərin həsrətindən sonra yurda qayıtmaq mənim üçün yenidən özümə qovuşmaq deməkdir. Vətənimlə, xalqımla, doğma Zəngilanımla qürur duyuram. Bu tarixi günləri yaşamağın xoşbəxtliyini ömrüm boyu unutmayacağam".
Keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda həyatın canlanmasına öz töhfəsini verməyə çalışdığını deyib: "İlk növbədə, Ağalı kəndinin və Zəngilanın ən gözəl məkanlarını lentə alıb sosial şəbəkələrdə paylaşıram. İnsanlara burada həyatın necə canlandığını, sakinlərin necə məskunlaşdığını və gündəlik yaşayışımızı göstərirəm. Özüm də bu torpaqlara həyat qatmağa çalışıram. Bostan salır, ağac, gül və müxtəlif bitkilər əkirəm. Hər dəfə yeni gül növləri axtarır, onların yetişdirilməsi barədə öyrənir və bəyəndiyim bitkiləri həyətimizdə yetişdirirəm. İstəyirəm ki, yaşadığım yer yaşıllığa bürünsün, güllərlə rənglənsin. Torpağa əkdiyim hər ağacı, hər gülü burada canlanan həyata bir töhfə sayıram. Təbiətlə yanaşı, burada yaşayan insanların həyatını da lentə alıram. Onların zəhmətini, qurduqları yeni həyatı, sevincini və gündəlik işlərini izləyicilərə göstərirəm. İstəyirəm ki, videolarımı izləyənlər bu torpaqlara gəlmək, buranı görmək, gəzmək, tanımaq və burada yaşamaq istəsinlər. Çalışıram ki, daha çox insan bölgəyə gəlib onun gözəlliklərini kəşf etsin. İnfluenser kimi fəaliyyətim də bu məqsədə xidmət edir. İnanıram ki, doğma torpaqlarımızı tanıtmaq, burada qurulan həyatı göstərmək və insanları bölgəyə cəlb etmək də Böyük Qayıdışın bir hissəsidir. Mən də burada yaşayaraq bu torpaqların gözəlləşməsinə, tanınmasına və canlanmasına öz töhfəmi verməyə çalışıram". Onun sözlərinə görə, paylaşımlarını Azərbaycandakı izləyicilərlə yanaşı, xaricdə yaşayan soydaşlarımız da izləyirlər: "Rusiyada, Türkiyədə və digər ölkələrdə yaşayan azərbaycanlılar videolarımın şərh bölməsində yazırlar ki, bizi uzaqdan izləyir, Ağalını və Zəngilanı mənim videolarım vasitəsilə görürlər. Mən də onlarla ünsiyyət qurur, şərhlərinə cavab verir, bəzən söhbət edirəm. Bu, məni çox sevindirir. İllərlə doğma torpaqlarından uzaqda yaşayan insanlar paylaşımlarımda öz yurdlarının bir parçasını görür, Vətənin nəfəsini hiss edirlər. Bəzən bir video minlərlə kilometr uzaqda yaşayan insanın qəlbində Vətən sevgisini və doğma torpaq həsrətini yenidən oyadır. İstəyirəm ki, videolarım vasitəsilə həm Azərbaycanda, həm də xaricdə yaşayan insanlar Qarabağda və Şərqi Zəngəzurda həyatın necə canlandığını görsünlər. İzləyicilərimdən "Biz sizi xaricdən izləyirik, doğma torpaqlarımızı sizin videolarınızla görürük" sözlərini eşitmək mənim üçün ən böyük sevincdir".
Müsahibimiz gələcəklə bağlı planlarından da danışıb. O, doğma yurdunda öz işini qurmaq və bölgədə turizmin inkişafına töhfə vermək istədiyini bildirib: "İlk növbədə, burada turizmin inkişafına töhfə vermək, bölgəmizin turizm potensialını daha geniş auditoriyaya tanıtmaq istəyirəm. Arzum doğma torpağımda öz işimi qurmaq, yeni imkanlar yaratmaq və gördüyüm işlərlə gələcəyimin təməlini qoymaqdır. Bununla yanaşı, öz üzərimdə işləmək, daha çox oxuyub öyrənmək, ikinci ali təhsil almaq və biliklərimi artırmaq istəyirəm. Hesab edirəm ki, insanın inkişafı heç vaxt dayanmamalıdır. Övladlarımın daha yaxşı təhsil alması və özlərinə gözəl gələcək qurması da ən böyük arzularımdandır. Ağalı kəndində həyətimi və bağçamı daha da gözəlləşdirmək, daha çox ağac və gül əkib öz kiçik yaşıllıq dünyamı yaratmaq istəyirəm. İnfluenser kimi fəaliyyətimi genişləndirmək, daha keyfiyyətli və maraqlı videolar hazırlamaq, daha çox reklam layihəsində iştirak etmək və daha geniş auditoriyaya çatmaq da əsas hədəflərimdəndir. İstəyirəm ki, çəkdiyim hər video Qarabağın tanıdılmasına və bölgəyə marağın artmasına xidmət etsin. Ən böyük arzum bütün bu planlarımı məhz doğma torpağımda həyata keçirməkdir. Gələcəyimi burada qurmaq, burada inkişaf etmək istəyirəm. Arzulayıram ki, övladlarım da bu torpaqlarda özlərinə gözəl gələcək qursunlar. Qarabağ həm yaşadığım yer, həm də gələcəyə dair bütün arzularımın ünvanıdır".
Ağalıdan dünyaya açılan pəncərə: Zəngilanlı influenserin Böyük Qayıdış hekayəsi - Foto/Video Ağalıdan dünyaya açılan pəncərə: Zəngilanlı influenserin Böyük Qayıdış hekayəsi - Foto/Video Ağalıdan dünyaya açılan pəncərə: Zəngilanlı influenserin Böyük Qayıdış hekayəsi - Foto/Video Ağalıdan dünyaya açılan pəncərə: Zəngilanlı influenserin Böyük Qayıdış hekayəsi - Foto/Video Ağalıdan dünyaya açılan pəncərə: Zəngilanlı influenserin Böyük Qayıdış hekayəsi - Foto/Video Ağalıdan dünyaya açılan pəncərə: Zəngilanlı influenserin Böyük Qayıdış hekayəsi - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər