Şou biznes
Keti Perrinin keçmiş əri Rassell Brend cinsi zorakılıq ittihamı ilə azadlıqdan məhrum edildi
Britaniyalı komediyaçı, aktyor və teleaparıcı Rassell Brend cinsi zorakılıq cinayətində təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hökmü Londonun Sautvork rayonunda yerləşən Kral Məhkəməsinin hakimi Coel Bennatan elan edib. Noyabrın 5-də andlılar məhkəməsi 51 yaşlı Brendi cinsi zorakılıq ittihamı üzrə təqsirli bilib. Bundan əlavə, o, seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı üç ittiham üzrə də təqsirli hesab edilib. Digər iki cinsi zorakılıq ittihamı və seksual xarakterli hərəkətə cəhd ittihamı üzrə isə ona bəraət verilib. Brendin törətdiyi bildirilən cinayətlər 2004-2009-cu illəri əhatə edir. Onun hərəkətlərindən dörd qadın zərər çəkib. Hadisələr müxtəlif məkanlarda, o cümlədən aktyorun evində, çalışdığı radiostansiyada və çəkiliş meydançasında baş verib. Brend daha əvvəl BBC, MTV və "Channel 4" telekanallarında aparıcı kimi çalışıb. Beynəlxalq tamaşaçılara isə "Sinif yoldaşları" (St. Trinian's, 2007), "Sarah Marşalı unutmaq" (Forgetting Sarah Marshall, 2008), "Onu yunanlara çatdır" (Get Him to the Greek, 2010) və "Artur. İdeal milyonçu" (Arthur, 2011) komediya filmlərindəki rolları ilə tanışdır. Komediyaçı 2010-2012-ci illərdə amerikalı pop müğənnisi Keti Perri ilə evli olub. 2017-ci ildə yazıçı və illüstrator Laura Qallaqerlə ailə həyatı qurub. Cütlüyün üç övladı var.
Mənbə
oxu.az