Digər
Vətən müharibəsinin 38-ci günü: Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir
2020-ci il noyabrın 3-ü - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz səkkizinci günü. Oxu.Az xatırladır ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edir. Ağdam və Ağcabədinin kəndlərindəki mülki infrastrukturu, Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Zəngilanda yerləşən mövqelərimizi yenidən atıcı silahlar, minaatanlar və toplardan atəşə tutan düşmənə ağır zərbələr endirilir. Ağdərə, Ağdam və Xocavənd istiqamətində düşmən hücumunun qarşısı alınır. Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir. Ermənistan ordusunun daimi dislokasiya məntəqəsində səngərlərdə və atəş mövqelərində, aralarında yüksəkrütbəlilərin də olduğu xeyli sadə canlı qüvvəsi məhv edilir. Gün ərzində Ermənistan ordusuna məxsus dörd "Qrad" yaylım atəşli reaktiv sistemi, bir "KUB" zenit-raket kompleksi, müxtəlif tipli doqquz top, sursatla dolu iki yük maşını, Xankəndi yaxınlığındakı iki sursat anbarı, eləcə də cəbhə üzərində uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı (PUA) sıradan çıxarılıb. Xeyli sayda hərbi qənimət ələ keçirilib, legitim hərbi hədəflərə dəqiq zərbələr endirilib. Beləliklə, müharibənin 38-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.
Mənbə
oxu.az