Digər

Ukrayna ordunu robotlarla gücləndirir, lakin bir problem var

03 Nov 2026, 08:30 3 baxış
Ukrayna ordunu robotlarla gücləndirir, lakin bir problem var

Ukrayna cəbhədə hərbçilərin birbaşa iştirakı olmadan tapşırıqları yerinə yetirməyə kömək edən yerüstü robot komplekslərinin sayını sürətlə artırır. Lakin payız və qış mövsümünün başlaması ilə bu sistemlər palçıq, qar, buz və aşağı temperatur kimi yeni sınaqlarla üzləşəcək.


Axar.az xəbər verir ki, bu barədə “Business İnsider” nəşri məlumat yayıb.


Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2026-cı ilin əvvəlindən etibarən 20 mindən çox yerüstü robot kompleksinin tədarükü ilə bağlı müqavilələr imzalanıb. Bu, 2025-ci ilin bütün dövrü ərzində bağlanan müqavilələrin sayından təxminən iki dəfə çoxdur.


Ukraynanın “Da Vinçi canavarları” batalyonunun robotlaşdırılmış sistemlər bölməsinin rəhbəri Aleksandr Yabçanka bildirib ki, 2026-cı il ərzində bir çox hərbi bölmə pilotsuz nəqliyyat vasitələrindən istifadə etməyə başlayıb.


Qeyd olunub ki, robotlar müxtəlif vəzifələrin icrası üçün tətbiq olunur. Onlar yük daşınması, kəşfiyyat, döyüş bölmələrinə dəstək və yaralıların təxliyəsi kimi işləri yerinə yetirirlər. Əsas məqsəd təhlükəli ərazilərdə hərbçilərin həyatını riskə atmamaqdır.


Bununla yanaşı, qış şəraiti texnikanın fəaliyyətini xeyli çətinləşdirə bilər. Palçıq, qar və buz həm təkərli, həm də tırtıllı platformaların hərəkətini məhdudlaşdıra, səthlə ilişməni zəiflədə və keçid qabiliyyətini azalda bilər.


Ukraynalı pilotsuz uçuş aparatları operatorlarının sözlərinə görə, aşağı temperatur batareyaların daha tez boşalmasına səbəb olur. Duman, buzlanma və kondensat isə kameraların, rotorların və digər avadanlıqların işinə mane ola bilər. Güclü külək və günlərin qısalması da əlavə çətinliklər yaradır. Ağacların yarpaqlarını tökməsi robotların daha asan görünməsinə səbəb olur ki, bu da onların aşkarlanaraq məhv edilməsi riskini artırır.

Mənbə axar.az

Oxşar Xəbərlər