Cəmiyyət

"Hər uşağa ayrıca telefon alınmalıdır?" - "MyGov" qeydiyyatı ilə bağlı narazılığa RƏSMİ CAVAB

02 Nov 2026, 16:36 3 baxış
"Hər uşağa ayrıca telefon alınmalıdır?" - "MyGov" qeydiyyatı ilə bağlı narazılığa RƏSMİ CAVAB
Məktəblərdə 7 yaşdan yuxarı uşaqların "MyGov" hökumət platformasında qeydiyyatdan keçirilməsi ilə bağlı məlumatların yayılması valideynlərdə narazılığına yaradıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edən valideynlər qeydiyyat prosesində qarşılaşdıqları çətinliklərdən söz açıblar. Qeyd olunub ki, "MyGov" platformasında bir telefondan ikinci və üçüncü profilin əlavə edilməsi mümkün deyil. Bu, ailədə bir neçə məktəbli olan valideynlər üçün əlavə çətinlik yaradır. Valideynlər deyir ki, hər uşaq üçün ayrıca telefon almaq real çıxış yolu deyil. Onlar platformanın yenilənməsi zamanı bir cihazdan 3-4 profilin əlavə edilməsinə imkan yaradılmasını təklif edib. Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, ölkədə rəqəmsal xidmətlərdən istifadənin əhatəliliyinin artırılması, təhsil sahəsində rəqəmsal imkanların inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ümumi təhsil müəssisələrində şagirdlərin "mygov" platformasında fərdi hesablarının yaradılması ilə bağlı məlumatlandırma aparılır. "Bu təşəbbüsün əsas məqsədi hər bir şagirdin rəqəmsal mühitdə fərdi hesabının formalaşdırılması, təhsillə bağlı məlumatlarına və müvafiq təhsil sənədlərinə daha rahat çıxış imkanının təmin edilməsidir. Fərdi hesabların yaradılması bu xidmətlərdən daha operativ, rahat və əlçatan şəkildə istifadə olunmasına imkan verəcək. Bu istiqamətdə valideynlərə mobil telefonlarına "Mygov" tətbiqini yükləmək və aktiv istifadə etmək tövsiyə edilir. Yaşı 7 və daha yuxarı olan şagirdlər üçün ayrıca hesabın yaradılması nəzərdə tutulur. Bu istiqamətdə çətinlik yaşayan valideynlərə ümumi təhsil müəssisələrində müvafiq məlumatlar verilir. Qeyd edək ki, texniki baxımdan bir mobil telefonda bir neçə şagird üçün ayrıca "Mygov" hesabı yaratmaq mümkündür",- deyə məlumatda bildrilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər