İdman
Ramik Hacıyev Azərbaycan millisindən aldığı təklifdən danışdı: "Ukraynanın perspektivləri daha yaxşıdır"
Ukraynanın "Xarkov" klubunun futbolçusu Ramik Hacıyev Azərbaycan millisindən aldığı təkliflə bağlı yeni açıqlama verib. Oxu.Az xəbər verir ki, 21 yaşlı vinger bu barədə İqor Tsıqanikin "YouTube" kanalına müsahibəsində danışıb. Hacıyev bildirib ki, "Dnipro-1"də çıxış etdiyi vaxt debüt qolundan sonra Azərbaycan millisinin baş skautu onunla əlaqə saxlayıb. Futbolçuya yığmada oynamaq təklif olunub, vətəndaşlıq məsələsinin həllində kömək göstəriləcəyi deyilib: "Bəli, milli komandanın baş skautu mənimlə əlaqə saxlamışdı. Dedi ki, səni millidə görmək istəyirik, vətəndaşlıq almaq problem deyil. Seçim sənindir, sənə təzyiq göstərmirik. Mən isə Ukrayna millisinin futbol baxımından daha böyük perspektivlərə malik olduğunu düşünürəm. Bu səbəbdən Ukrayna yığmasına düşməyə çalışacağam". Futbolçu Azərbaycanla bağlılığından da danışıb. O, ailəsinin və yaxınlarının qərarına hörmətlə yanaşdığını, öz seçiminə görə heç kimdən narazılıq görmədiyini bildirib. Qeyd edək ki, Bakıda anadan olan Ramik Hacıyev Ukraynanın U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, cari mövsüm "Xarkov"un heyətində 12 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
Mənbə
oxu.az