İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı
Xaricdə fəaliyyət göstərən və İranda Millətlərin Demokratik Koalisiyasına üzv olan bir neçə təşkilat İran İslam Respublikasının Azərbaycanın daxili işlərinə müdaxilələrini pisləyən birgə bəyanat yayıb.
Axar.az xəbər verir ki, sənədi Milli Dirəniş Təşkilatı, Güney Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Öyrənci Hərəkatı, Qaşqay Azadlıq Yolu Partiyası ilə yanaşı, İrandakı ərəb ("Əhvazın Azadlığı uğrunda Ərəb Mübarizə Hərəkatı") və bəluc ("Bəlucistan Racı Təpaki Gəl Partiyası") təşkilatları da imzalayıb.
Bəyanatda Tehran rejiminin son 30 ildə Azərbaycana qarşı apardığı təxribatçı siyasət, dini agent şəbəkələrinin qurulması, narkotik qaçaqmalçılığı və düşmənçilik məqsədli media layihələri kəskin pislənilib.
Sənədi imzalayanlar vurğulayıblar ki, yalnız Azərbaycan xalqı öz müqəddəratını və idarəetmə formasını təyin etmək hüququna malikdir. Öz daxilində vətəndaşların fundamental azadlıqlarını boğan və repressiyalar həyata keçirən bir rejimin başqa ölkələrin işlərinə qarışmağa heç bir mənəvi və hüquqi haqqı yoxdur.