Ərdoğan Japarovu Türk Dünyasının Ali Ordeni ilə təltif etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində, eləcə də TDT-nin fəaliyyətində göstərdiyi dəstəyə görə onu Türk Dünyasının Ali Ordeni ilə təltif edib.
Axar.az xəbər verir ki, R.T.Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı ilə bağlı qonaq gələn dövlət başçılarının iştirak etdiyi rəsmi şam yeməyindəki çıxışından sonra ordeni Japarova təqdim edib.
Japarov ona verilən yüksək ordenin böyük şərəf olduğunu vurğulayaraq, bunun təkcə şəxsinə verilən mükafat deyil, həm də qırğız xalqının türk dünyasının birliyinə verdiyi töhfələrin mükafatı olduğunu bildirib.
"Əsrlər boyu davam edən mədəniyyətimiz və qardaşlığımız bizi birləşdirir. Əcdadlarımızdan qalan əvəzsiz dəyərlərimizi gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Düşünürəm ki, Türk dünyasının birliyi bundan sonra da güclənəcək", - deyə Japarov əlavə edib.