Dünya
Türkiyə ilə Ermənistan arasındakı Ani körpüsünün bərpası üçün tender yekunlaşdı
Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün bərpası üzrə tender prosesi başa çatıb. Oxu.Az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Kars vilayətindəki Ani arxeoloji ərazisində yerləşən körpünün bərpası ilə bağlı açıqlama verib. Uraloğlu bildirib ki, Ani şəhərində yerləşən və X əsrdə İpək Yolu üzərində inşa edilən körpüdən bu günədək yalnız dayaqların qalıqları qorunub saxlanılıb. Onun sözlərinə görə, vaxtilə gömrük-keçid məntəqəsi kimi tikilən körpü əsrlər boyu Şərqlə Qərb arasında ticarətin mühüm keçid nöqtələrindən biri olub. Körpünün ilkin uzunluğu 80 metr, eni isə 8 metr təşkil edib. Tikili Arpaçay çayının məcrasının 36 metrədək daraldığı hissədə yerləşir. Körpünün 31 metr uzunluğundakı dairəvi tağı 1807-ci il oktyabrın 16-da dağılıb. Uraloğlu xatırladıb ki, Ani arxeoloji ərazisi 21 mədəni irs nümunəsi ilə birlikdə 2016-cı ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bərpa işlərinin əsas məqsədi tarixi tikilini qoruyaraq gələcək nəsillərə çatdırmaqdır. Nazir bildirib ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokol çərçivəsində bərpa işləri birgə komissiyanın koordinasiyası ilə həyata keçiriləcək. Uraloğlunun sözlərinə görə, tarixi körpünün bərpası üzrə tender sentyabrın 16-da keçirilib. Sentyabrın 28-də isə müqavilə imzalanıb və bununla da yenidənqurma işləri üzrə tender prosesi başa çatıb.
Mənbə
oxu.az