İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan
Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.
“Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağı mövcud deyil”, - o bildirib.
Rusiyanın satdığı qazın qiymətinin mümkün artımı ilə bağlı müzakirələrə toxunan Mehrabyan qeyd edib ki, Ukrayna hər gün Rusiyanı partladıb-dağıdır, amma Moskva bizi qorxudur:
“Qoy gedib hava limanlarının qayğısına qalsınlar, bir təyyarə belə uçurda bilmirlər. Qaldırsalar da, ölməyəcəyik ki”.
Siyasətçinin fikrincə, Ermənistanın dəmir yolu sistemi tamamilə yenidən qurulmalı və Rusiyanın idarəçiliyindən alınmalıdır:
“Qaçan eşşək bizim dəmir yolunun vaqonlarından daha sürətlidir. Rusiyanın bizə göstərdiyi “xidmət” budur”.
Mehrabyan hesab edir ki, Ermənistan üçün Rusiya yox, Azərbaycanla münasibətlər prioritet əhəmiyyət daşıyır:
“Çünki Ermənistan sərhədlərinin dörddə üçü Azərbaycanla həmsərhəddir. Azərbaycan üçün də Ermənistanla münasibətlər vacibdir. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədləri gec-tez açılacaq”.