Siyasət

Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto

21 Oct 2026, 18:32 3 baxış
Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
Rusiya-Ukrayna müharibəsi ətrafında siyasi və diplomatik ziddiyyətlər getdikcə dərinləşir. İtaliyanın müdafiə naziri Qvido Krozettonun Ukraynanın bu müharibədə qələbə qazanmasının mümkün olmadığına dair açıqlaması Qərbin Kiyevə dəstəyi və müharibənin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskiyə sülh naminə güzəştlər etməsi istiqamətində təzyiqləri, Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın Vaşinqtonun mövqeyinə yönəltdiyi tənqidlər isə Qərb daxilində fikir ayrılıqlarının daha da dərinləşdiyini göstərir. Diqqətçəkən məqam isə Zelenskinin ölkəsinin bəzi ərazilərini itirmək bahasına sülh razılaşmasına gedilməsi ehtimalına müsbət cavab verməsidir. Bu yanaşma müharibənin başa çatması üçün yeni siyasi imkanların yarana biləcəyi barədə suallar doğurur. Bununla belə, ərazi güzəştləri əsasında sülhə razılıq vermək ilə kapitulyasiya arasında ciddi fərq var. Çünki kapitulyasiya tərəfin məğlubiyyəti qəbul edərək təslim olmasıdır. Ərazi güzəştləri əsasında sülh sazişi isə tərəfin müəyyən ərazilərə dair tələblərindən imtina etməsi və ya həmin ərazilərlə bağlı güzəştlərə getməsi müqabilində müharibəni dayandırmaq barədə razılığa gəlməsidir. Ukrayna məsələsində də ərazi güzəştlərinə razılıq verilməsi ilə dövlətin bütövlükdə təslim olması eyni deyil, lakin ağır siyasi məğlubiyyətdir. Bəs bütün bunlar müharibədə hansı mərhələnin başlanmasından xəbər verir? Belə bir razılaşma nə zaman mümkün ola bilər və müharibədən sonrakı dövrdə Ukraynanı, Rusiyanı və Avropanı hansı siyasi və təhlükəsizlik riskləri gözləyir? Qərb daxilində artan fikir ayrılıqları isə Avropanın gələcək təhlükəsizlik arxitekturasına necə təsir göstərəcək? Politoloq Rəşad Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Trampın təzyiqləri və ayrı-ayrı Avropa liderlərinin fərqli mövqeyi müttəfiqlər arasında yanaşma fərqlərinin daha da dərinləşdiyini göstərir:
"Lakin bu ziddiyyətləri Ukraynaya dəstəyin tamamilə dayandırılması kimi qiymətləndirmək düzgün olmazdı. Elə İtaliyanın müdafiə naziri Qvido Krozetto da öz açıqlamasında hərbi qələbənin mümkünlüyünə şübhə ilə yanaşsa da, İtaliyanın Ukraynaya yardımını davam etdirəcəyini bildirib. Krozettoya görə məqsəd Rusiyanın işğalı altında olan bütün əraziləri hərbi yolla geri qaytarmaq yox, Ukraynanın müstəqil dövlət kimi yaşamasını və gələcək təhlükəsizliyini təmin etməkdən ibarət olmalıdır. Bu mövqe Avropada getdikcə güclənən bir dilemmanı, yəni müharibəni davam etdirmək üçün tələb olunan resurslarla mümkün sülhün şərtləri arasında necə tarazlıq yaratmaq olar dilemmasını əks etdirir". "Vaşinqtonun yanaşması isə ortadadır. Tramp münaqişəni Ukrayna üçün ağır nəticələr hesabına olsa belə, daha qısa müddətdə dayandırmaq istəyir. Dəstəyin dayandırılması, hava hücumundan müdafiə sistemlərinin və raketlərin verilməsindən imtina, Starlinklə bağlı ortaya çıxan problemlər hamısı Zelenskiyə təzyiqə xidmət edir. Bu fonda Kaya Kallasın ABŞ-ni ittiham etməsi də başa düşüləndir. ABŞ-nin Ukraynaya təzyiqlərinin nəticəsidir ki, Kallas Avropanın danışıqlarda ayrıca təmsil olunmasının vacibliyini önə çəkir. Bu ziddiyyətin mərkəzində sülhün hansı şərtlərlə əldə olunması məsələsi dayanır. ABŞ müharibənin dayandırılmasını prioritet hesab edirsə, Aİ-nin bir sıra rəsmiləri Rusiyanın işğalını tanıyan razılaşmanın gələcəkdə yeni təcavüz üçün presedent yarada biləcəyindən narahatdırlar. Aİ bu mövqeni özünün 16 oktyabr tarixli bəyanatında da qeyd edib və Ukraynanın suverenliyini, ərazi bütövlüyü, eləcə də etibarlı təhlükəsizlik təminatlarını əsas şərtlər kimi müəyyənləşdirib", - analitik vurğulayıb. Onun sözlərinə görə Zelenskinin ərazi güzəştlərinə dair mövqeyində mühüm fərq var: "Yəni faktiki döyüş xəttinin dondurulmasını müzakirə etmək həmin ərazilərin hüquqi baxımdan Rusiyaya verilməsini qəbul etmək demək deyil. Zelenski atəşkəsə, ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlarına və təhlükəsizlik təminatlarını əhatə edən razılaşmaya hazır olduğunu bildirib. Bu, diplomatik çevikliyin göstəricisidir, lakin kapitulyasiya qərarının təsdiqi deyil. Sülhün nə vaxt əldə ediləcəyi isə bir neçə amildən asılıdır. Moskvanın ərazi və təhlükəsizlik tələbləri, Kiyevin gələcək müdafiəsinə dair təminatlar, ABŞ-nin vasitəçilik imkanları və Avropanın maliyyə-hərbi dəstəyi. Hazırda bu məsələlər üzrə yekun razılaşmanın əldə edildiyini söyləmək olmaz. Ərazi məsələsində kompromis olsa belə, onun hüquqi statusu, atəşkəsə nəzarət mexanizmi və mümkün yeni hücumların qarşısının alınması ayrıca həll edilməlidir". "Odur ki, Ukraynanın kapitulyasiya aktına imza atacağı barədə qəti nəticə çıxarmaq üçün əsas yoxdur. Hazırda müşahidə edilən proses daha çox müharibənin dayandırılması şərtləri uğrunda diplomatik mübarizədir. Əsas sual Ukraynanın hansı ərazilərdən imtina edəcəyi deyil, mümkün razılaşmanın ölkənin suverenliyini və uzunmüddətli təhlükəsizliyini necə qoruyacağıdır. ABŞ və Avropa arasındakı fikir ayrılıqları da məhz bu məsələdə özünü göstərir. Bu iki məqsəd arasında tarazlıq tapılmadan davamlı sülhə nail olmaq çətin olacaq", - müsahibimiz fikrini yekunlaşdırıb.
Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər