Mask Ukrayna ilə bağlı təklif verdi, Tramp da dəstəklədi
Ukraynada “Starshield” sisteminin fəaliyyətinə məhdudiyyətlərin tətbiqinin təşəbbüskarı birbaşa “SpeysX” şirkətinin sahibi İlon Mask olub. ABŞ Prezidenti Donald Tramp isə bu ideyanı məmnuniyyətlə dəstəkləyib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Teleqrаf” nəşri məlumatlı dörd mənbəyə istinadən yazıb.
Jurnalistlərin məlumatına görə, Ukrayna hərbçilərinin, o cümlədən Ukrayna şəhərlərinə hücum edən Rusiya pilotsuz uçuş aparatlarına qarşı mübarizədə istifadə etdiyi “Starshield” sisteminə məhdudiyyətlər tətbiq etməyi Trampa məhz Mask təklif edib. Mənbələrdən biri bildirir ki, ABŞ prezidenti bu təkliflə razılaşıb və bundan sonra Pentaqon müvafiq tədbirləri həyata keçirib.
Bununla belə, Mask ictimai açıqlamalarında məhdudiyyətlərin tətbiqində iştirakını inkar etməyə başlayıb. O, qərarın ABŞ hərbçiləri və dövlət başçısı tərəfindən verildiyini iddia edib. Lakin nəşrin yüksək vəzifəli mənbəsinin sözlərinə görə, bu versiya həqiqəti əks etdirmir.