Makron kəskin danışdı: Bu, müqavimət müharibəsidir
Avropalıların mövqeyi aydındır: Biz Ukraynanı və ukraynalıları tək qoymayacağıq. Bu, Rusiyanın təcavüzkar müharibəsinə qarşı müqavimət müharibəsidir.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun fikrincə, Avropanın üzərinə düşən vəzifə qətiyyətli mövqeyini qorumaqdır. Çünki söhbət Avropanın təhlükəsizliyindən və beynəlxalq prinsiplərin müdafiəsindən gedir.
Makron qeyd edib ki, Rusiya öz hərəkətləri ilə Ukrayna taxılının ixracına mane olur:
“Ukrayna rekord səviyyəli məhsul yığımlarından birini əldə edib. Bu məhsul bir çox inkişaf etməkdə olan və yoxsul ölkələrin ərzaq təminatına kömək edir. Misiri və bir çox digər Afrika ölkələrini nəzərdə tuturam. Bu gün Rusiya həmin ölkələri qəsdən aclığa məhkum etmək və Ukraynanı yoxsullaşdırmaq qərarına gəlib. Biz buna cavab verəcəyik, lakin bu cür hərəkətlər hər baxımdan cinayət xarakteri daşıyır”.
Makron vurğulayıb ki, Ukraynaya yardım göstərilməsi təkcə xoşməramlılıq nümayişi deyil, həm də Avropanın öz maraqlarını müdafiə etməsidir.