Cəmiyyət

Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış

15 Oct 2026, 10:42 4 baxış
Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat yayıb. Bu barədə Oxu.Az-a assosiasiyadan məlumat verilib. Bildirilib ki, AGMA məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır: "Məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir. Hesab edirik ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur. Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır. Bir daha bəyan edirik ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir".
Mənbə oxu.az

Oxşar Xəbərlər