Bu filmin yaradıcıları cəzalandırılsın! - Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı hadisələrdən bəhs edən "NAZA" sənədli filminin yaradıcıları barəsində hərtərəfli araşdırma aparılmasını və onların məsuliyyətə cəlb edilməsini tələb edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Netanyahu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamirə, Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri David Ziniyə və baş prokuror Qali Baharav-Miaraya müraciət edərək filmin yaradıcılarının informasiya təhlükəsizliyi sahəsində ciddi pozuntulara, böhtana və İsrailin siyasi və təhlükəsizlik maraqlarına zərər vurmağa görə araşdırılmasını istəyib.
Baş nazir filmdə İsrail dövləti və ordusu haqqında yanlış, çaşdırıcı və qərəzli məlumatların təqdim edildiyini, bunun ölkənin beynəlxalq nüfuzuna ciddi zərər vurduğunu iddia edib.
Qeyd edək ki, "NAZA" filmi sentyabrın əvvəlində Venesiya Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Filmin nümayişindən sonra tamaşaçılar ekran əsərini təxminən 25 dəqiqə alqışlayıblar. Bu, festival tarixində rekord kimi qiymətləndirilib.
İsrailli rejissorlar Yuval Abraham və Rahil Şorun çəkdiyi sənədli filmdə müəlliflərin sözlərinə görə, İsrail hərbçiləri ilə anonim müsahibələr yer alıb. Ekran əsəri İsraildə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Rejissorlar yalan məlumat yaymaqda ittiham ediliblər, mədəniyyət və idman naziri Miki Zohar isə onların vətəndaşlıqdan məhrum edilməsini tələb edib.