Rusiya körpüləri məhv edə bilməz, amma başqa təhlükə var
Rusiya raketlərlə Ukraynadakı körpüləri tamamilə dağıtmaqda böyük ehtimalla çətinlik çəkəcək. Lakin reaktiv dronlar konstruksiyanın ayrı-ayrı elementlərinə zərər vura və nəticədə hakimiyyəti körpülərdən istifadəyə məhdudiyyətlər qoymağa məcbur edə bilər.
Axar.az xəbər verir ki, bunu “Defense Express” informasiya-konsaltinq şirkətinin direktoru Sergey Zqorets bildirib.
Zqorets qeyd edib ki, genişmiqyaslı işğalın ilk günlərindən Kiyev, Dnepr və Zaporojye ərazilərində hidroelektrik stansiyalara, onların yaxınlığındakı sahələrə və körpülərə zərbələr endirilməsi riski gözlənilirdi. Onun sözlərinə görə, Rusiya qüvvələri hələ 2022-ci ildə bəndlərlə əlaqəli obyektlərə X-101 qanadlı raketləri ilə zərbələr endirməyə cəhd edib.
“X-101 raketlərinin idarəetmə sistemlərinin bütün imkanlarına baxmayaraq, onların köməyi ilə körpülərin və ya hidrotexniki qurğuların ən həssas hissələrini dəqiq vurmaq kifayət qədər çətindir. Üstəlik, bütün körpülər böyük həssaslıqla tikilib. Bəziləri hətta taktiki nüvə silahının zərbəsinə tab gətirə biləcək şəkildə layihələndirilib”, – ekspert vurğulayıb.
Zqorets əlavə edib ki, ballistik raketlərin dəqiqliyi daha aşağı ola bilər:
“Ballistik raketin döyüş başlığının gücü TNT ekvivalentində yarım tona çata bilər və bu, ilk baxışda ciddi təhlükə kimi görünür. Lakin hətta bu göstəricilər də körpülərin və hidrotexniki qurğuların konstruktiv möhkəmliyi ilə kompensasiya olunur”.
Körpülər üçün reaktiv dronların yaratdığı təhlükədən danışan Zqorets bildirib ki, bu pilotsuz uçuş aparatların döyüş başlığının çəkisi 50–90 kiloqram arasında dəyişir.
Qeyd edək ki, ötən gün rus ordusu Kiyevdə Cənub körpüsünə zərbə endirib.