Cəmiyyət

Bu şəxslər maaşdan əlavə pul alacaq

01 Oct 2026, 13:44 3 baxış
Bu şəxslər maaşdan əlavə pul alacaq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərin fiziki və psixoloji gərginliyini, eləcə də xüsusi iş şəraitini nəzərə alaraq əməkhaqqına müxtəlif əlavələr və artırılmış ödənişlər nəzərdə tutulur.


Axar.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu ödənişlər həm işçinin sosial müdafiəsini təmin etmək, həm də görülən işin mürəkkəbliyinə görə ədalətli kompennsasiya vermək məqsədi daşıyır.


İş vaxtından artıq işlədikdə ödənilən haqq


İşçinin gündəlik norma daxilində nəzərdə tutulmuş iş vaxtından artıq işə cəlb edilməsi zamanı hər bir artıq saat üçün ödəniş standart tariflə aparılmır. Qanunvericiliyə görə, bu vaxt üçün ödənilən məbləğ işçinin bir saatlıq tarif və ya vəzifə maaşının ikiqat məbləğindən az olmamalıdır.


İstirahət və bayram günlərində əmək fəaliyyəti


İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işləyən işçilərin əməyi də artıqlaması ilə qiymətləndirilir. Saatlıq və ya gündəlik maaş alanlara bu günlər üçün tarif maaşının ikiqatından az olmamaqla ödəniş edilir. Aylıq maaş alan işçilər isə norma daxilində işlədikdə gündəlik vəzifə maaşı qədər, norma üzərində işlədikdə isə gündəlik maaşın ikiqat məbləğində əlavə alırlar. İşçinin arzusu ilə ikiqat ödəniş başqa bir istirahət günü ilə də əvəz edilə bilər.


Gecə növbəsi və çoxnövbəli iş rejimi


Saat 22:00-dan 06:00-dək olan müddət gecə vaxtı hesab olunur və bu saatlarda yerinə yetirilən işin hər saatına görə saatlıq tarif maaşına müəyyən olunmuş faizlərlə əlavələr hesablanır. Çoxnövbəli iş rejimində çalışanlara, xüsusilə də axşam və gecə növbələrində növbətçilik edənlərə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əlavə haqq ödənilir.


Ağır və zərərli iş şəraiti


İnsan sağlamlığı üçün riskli, ağır və ya zərərli faktorların mövcud olduğu iş yerlərində, həmçinin iqlim şəraiti əlverişsiz olan ərazilərdə çalışan işçilərin əməkhaqqına yüksək tarif dərəcələri və xüsusi əmsallar tətbiq edilir. Bu əlavələr çətin şəraitdə çalışan işçilərin səhhətinə və fiziki reabilitasiyasına dəstək xarakteri daşıyır.


Ezamiyyət dövründə hesablanan ödənişlər


Ezamiyyət bilavasitə əməkhaqqına edilən əlavə sayılmasa da, kompensasiya xarakterli mühüm bir ödənişdir. İşçi ezamiyyətdə olduğu müddətdə onun orta əməkhaqqı saxlanılır, həmçinin nəqliyyat, mehmanxana və gündəlik xərcləri qarşılanır. Əgər işçi ezamiyyətdə olduğu zaman istirahət və ya bayram günlərində işləməyə cəlb olunarsa, həmin günlər üçün də ikiqat əməkhaqqı ödənilir.


Əvəzetmə və əlavə vəzifələrin icrası


İşçi öz əsas işi ilə yanaşı müəssisədə müvəqqəti olmayan başqa bir əməkdaşın vəzifəsini əvəz etdikdə və ya vakant vəzifə üzrə öhdəlikləri yerinə yetirdikdə, ona əlavə əmək sərfinə görə əvəzetmə əlavəsi verilir.


Staj, elmi dərəcə və xüsusi adlara görə əlavələr


Xüsusilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda işçilərə xidmət illərinə, elmi dərəcələrə (fəlsəfə və ya elmlər doktoru), fəxri adlara, eləcə də xüsusi rejimli iş şəraitinə və ya dildən istifadə bacarıqlarına görə də sabit əlavə faizlər ödənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər