Siyasət

Milli Məclis 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat qəbul edib

30 Sep 2026, 11:30 3 baxış
Milli Məclis 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
Milli Məclis 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat qəbul edib. Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Bəyanatın mətnini Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, deputat Ramid Namazov səsləndirib. O bildirib ki, xalqımızın tarixi yaddaşında xüsusi yer tutan 27 sentyabr sarsılmaz milli birliyimizin rəmzi olaraq böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrın Anım Günü elan edilməsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərə dövlətin və xalqın dərin ehtiramının ifadəsidir. Şəhidlərimizin mərdliyi və şücaəti, vətənpərvərliyin mənəvi zirvəsinə, onların və döyüş yoldaşlarının fədakarlığı sayəsində əldə edilmiş tarixi qələbə isə Azərbaycanın ləyaqət və gücünün əbədi təcəssümünə çevrilmişdir. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri 30 ilə yaxın Ermənistan Respublikasının işğalı altında olan torpaqlarımızın böyük bir hissəsinin azad edilməsinə gətirib çıxarmış və əvvəlki onilliklərin ərzində regionda yaranmış hərbi-siyasi reallığı dəyişmişdir. Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal edilmiş torpaqların azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış məlum 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin etmişdir". R.Namazov əlavə edib ki, 44 günlük Vətən müharibəsində qələbənin əsas amili Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi olub: "Döyüş əməliyyatlarının getdiyi şəraitdə dövlət idarəçiliyinin, ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və ölkənin ehtiyatlarını qarşıya qoyulmuş məqsədin əldə edilməsinə yönəltmək qabiliyyəti mühüm rol oynamışdır. Onun nümayiş etdirdiyi sərkərdəlik məharəti, sarsılmaz siyasi iradə və strateji uzaqgörənlik müəyyən olunmuş hədəflərin əldə edilməsinə müstəsna töhfə vermişdir. Hərbi qələbə vətən qarşısında hərbi borcunu şərəflə yerinə yetirən Azərbaycan əsgərlərinin və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edilmişdir. Azad olunmuş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətlərinə şahid olmuşdur. Bir çox hərbi qulluqçular "Vətən Müharibəsi Qəhrəmanı" adına və digər yüksək dövlət mükafatlarına layiq görülmüşdür". Mətn oxunduqdan sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər