Dünya
Avropa İttifaqında büdcə böhranı: Trilyonlarla avroluq plan rədd edilə bilər
Almaniyanın rəhbərlik etdiyi Avropa İttifaqına (Aİ) üzv olan altı dövlət, xərclər yüz milyardlarla avro azaldılmasa, 2028-2034-cü illər üçün nəzərdə tutulan yeni yeddiillik büdcə layihəsini rədd edəcəkləri barədə Brüsselə xəbərdarlıq edib. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri Niderland, İsveç, Danimarka, Avstriya və Finlandiya liderlərinin də imzaladığı məktuba istinadən məlumat yayıb. Müraciətdə qeyd olunur ki, Avropa Komissiyasının təklifinə əsasən həcmi təxminən 2 trilyon avroya çata biləcək Aİ büdcəsinin əsaslı islahatlara ehtiyacı var. "Əgər büdcə xərcləri yüz milyardlarla avro ixtisar edilməsə, bu il onunla bağlı heç bir razılaşma əldə olunmayacaq", - deyə sənədi imzalayan ölkələrdən birinin diplomatı bildirib. Büdcənin təsdiqlənməsi üçün 27 üzv dövlətin hər birinin yekdil razılığı tələb olunur. Altı ölkənin liderləri hesab edirlər ki, artan iqtisadi çağırışlara və təhlükəsizlik təhdidlərinə adekvat cavab vermək üçün resurslar müdafiə ehtiyaclarına və innovativ şirkətlərin dəstəklənməsinə yönəldilməlidir. Eyni zamanda, təşkilatın maliyyə planına görə xərclərin ənənəvi olaraq təqribən üçdə ikisini təşkil edən kənd təsərrüfatı və zəif inkişaf etmiş regionların maliyyələşdirilməsi azaldılmalıdır. Nəşrin məlumatına görə, belə bir ultimatum Aİ-nin büdcə xərclərinin yeni prioritetləri, xüsusən də Çin və ABŞ ilə rəqabət şəraitində müdafiə xərcləri və çətinlik çəkən sənaye sahələrinə dəstəklə bağlı fikir ayrılıqlarını əks etdirir. Əsasən üzv ölkələrin ödənişləri hesabına formalaşan təşkilatın bütün büdcə gəlirlərinin təxminən 40%-i bu altılığın payına düşür. Məlumata əsasən, hazırda Aİ-yə sədrlik edən İrlandiyaya oktyabrın ortalarına qədər kompromis təklifi hazırlamaq tapşırılıb. Nəşr bildirir ki, bu təklif ən böyük donor ölkələrin tələbləri ilə kənd təsərrüfatı subsidiyalarının və regional inkişafın maliyyələşdirilməsinin qorunub saxlanılmasında israr edən əksər dövlətlərin mövqeyini tarazlaşdırmağa imkan verəcək.
Mənbə
oxu.az