Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir
Son illərdə həyata keçirilən iqtisadi şaxələndirmə siyasəti, regional nəqliyyat və enerji layihələrində fəal iştirak, eləcə də yeni əməkdaşlıq formatlarının formalaşması Azərbaycanın investisiya cəlbediciliyini artıran əsas amillər sırasındadır. Bu baxımdan, Bakıda Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu böyük önəm kəsb edir.
Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, Forum Azərbaycanın yalnız mövcud investisiya imkanlarını nümayiş etdirməsi ilə məhdudlaşmır:
“Tədbir həm də ölkənin regional iqtisadi proseslərdə dəyişən mövqeyinin, yeni əməkdaşlıq istiqamətlərinin və uzunmüddətli inkişaf perspektivlərinin müzakirəsi üçün platforma yaradır. Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində vurğulandığı kimi “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi” mövzusu xüsusilə aktualdır. Çünki qlobal iqtisadi münasibətlər sürətlə dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır. Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir”.
Millət vəkilinin sözlərinə görə, ölkəmizin iqtisadi imkanlarını şərtləndirən mühüm istiqamətlərdən biri nəqliyyat və logistika sahəsidir:
“Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onu beynəlxalq yükdaşımalar üçün mühüm mərkəzə çevirib. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında ticarət və logistika əlaqələrinin genişləndirilməsində rolunu əhəmiyyətli dərəcədə artırır. Azərbaycanda sabitlik və makroiqtisadi dayanıqlılıq, ölkəmizin artan beynəlxalq nüfuzu, təşəbbüsçüsü olduğu, dəyəri sərhədləri aşan strateji layihələr və öhdəliklərin icrası məhsuldar investisiyalar üçün möhkəm təməllər formalaşdırır. Eləcə də, enerji və nəqliyyat-logistika imkanları regionlararası iqtisadi əməkdaşlıqda və yeni investisiya əlaqələrinin formalaşmasında ölkəmizin rolunu genişləndirir. Bütün bunların fonunda Forumda aparılan müzakirələr Azərbaycanın iqtisadi gündəliyinin beynəlxalq ekspert dairələrində də daha geniş tanıdılması ilə yanaşı, qlobal iqtisadi proseslərə dair fikir mübadiləsinin aparılmasına da şərait yaradır. Bu mötəbər tədbir təkcə imzalanan sənədlər və investisiya razılaşmaları ilə məhdudlaşmır. Əslində, Forum uzunmüddətli iqtisadi əlaqələr üçün yeni imkanların açılmasına xidmət edəcək”.