Dünya
"Normalar mən özüməm" - Trampın memarla mübahisəsinin DETALLARI
Ağ Evin bal zalının ilk memarı Ceyms Makkreri təhlükəsizlik tələblərinə cavab vermədiyini düşündüyü layihə qərarlarına görə ABŞ Prezidenti Donald Trampla münaqişə yaşayıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə və araşdırdığı sənədlərə istinadən yazıb. Makkreri Donald Trampla bir sıra fikir ayrılıqlarından sonra 2025-ci ilin oktyabrında layihə üzərində işi dayandırıb. "The Washington Post"un mənbələrinin sözlərinə görə, memar prezidentin layihənin təhlükəsizlik tələblərinin kifayət qədər nəzərə alınmadığı ilkin variantında israr etdiyini bildirib. Xüsusilə, layihədə müvafiq təxliyə yolları və zəruri yanğından mühafizə tədbirləri nəzərdə tutulmayıb. Mənbələrin sözlərinə görə, Tramp Makkrerinin narahatlıqlarını nəzərə almayıb və Ağ Evdə aparılan tikinti işlərinə heç bir tikinti normasının şamil olunmadığını bildirib. "Normalar mən özüməm", - deyə Tramp bildirib. WP yazır ki, Ağ Evin təmiri və tikintisi federal agentliklər tərəfindən həyata keçirilir. Qanunvericiliyə əsasən, onlar milli təhlükəsizlik üçün təhdid yaratdığı hallar istisna olmaqla, ümumi qəbul edilmiş milli bina təhlükəsizliyi standartlarına mümkün qədər riayət etməlidirlər. Lakin Trampın təşəbbüsü ilə həyata keçirilən Ağ Evin tikinti layihələri federal agentlik olmayan və buna görə də dövlət qurumlarının fəaliyyətini tənzimləyən qaydalardan azad edilmiş kiçik bir ofis - İcraedici Rezidensiya vasitəsilə həyata keçirilir. ABŞ Apellyasiya Məhkəməsi avqustun 7-də Ağ Evdə dəyəri 400 milyon dollar olan bal zalının tikintisinin dayandırılmasına qərar verib. Məhkəmə Donald Trampı binanın sahibi deyil, "müvəqqəti sakini" adlandırıb. Hakimlər qərarında bildiriblər ki, Ağ Evdə böyük bal zalının tikilib-tikilməməsinə, hətta bu dəyişikliklər təhlükəsizlik baxımından əsaslandırılsa belə, icra hakimiyyəti deyil, Konqres qərar verməlidir.
Mənbə
oxu.az